Bakı. Trend:
İsrailin Hayfa şəhərinə İranın ballistik raketinin düşməsi nəticəsində yaranmış dağıntılar altından iki nəfərin meyiti çıxarılıb. Eyni ərazini hədəf alan növbəti raket zərbəsi isə dörd nəfərin yüngül xəsarət almasına və əlavə dağıntılara səbəb olub.
Trend İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli Yanğından Mühafizə və Xilasetmə Xidməti məlumat yayıb.
“Hazırda xilasetmə əməliyyatları və səyləri davam edir və məqsəd daha iki sıxışmış və ya itkin düşmüş şəxsin tapılmasıdır”, – deyə xidmət qeyd edib.
xxx
09:45
Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İran növbəti dəfə İsraili - ölkənin cənub rayonlarını ballistik raketlərlə hədəfə alıb.
Trend xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
Məlumata görə, zonalarında, o cümlədən Beer-Şeva şəhərində həyəcan təbilləri çalınıb.
Uçan sursatlar havada olarkən uğurla zərərsizləşdirilib. Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
