Bakı. Trend:
Bu gün İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) tərəfindən ABŞ və İsrailin mövqeləri atəşə tutulub.
Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, “Doğru Vəd 4” əməliyyatının 98-ci mərhələsində Tələvivin şimal və cənubu, Hayfada strateji mərkəzlər, Ber Şevada kimyəvi zavod və şirkətlər, Petax Tıkvada ordunun məkanı ballistik raketlərlə atəşə tutulub.
Məlumatda qeyd olunur ki, İsrailə məxsus "SDN7" konteyner daşıyan gəmi “Kruz” raketi ilə vurulub.
SEPAH bildirir ki, ABŞ ordusunun 5 mindən çox komandosunun olduğu “LHA7” quru-dəniz, helikopter daşıyan gəmisi atəşə tutulub. Nəticədə sözügedən gəmi Hind okeanının cənubuna doğru geri çəkilib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
