Bakı. Trend:
İranın icazəsi olmadan heç bir ticarət gəmisi Hörmüz boğazına daxil ola bilməz.
Bunu İran Hərbi Dəniz Qüvvələrinin qərargah rəisinin müavini, kontr-admiral Həbibullah Səyyari ölkəsinin dövlət televiziyasında bildirib.
O, Hörmüz boğazının hər iki tərəfinin İran silahlı qüvvələrinin ciddi nəzarəti altında olduğunu vurğulayıb.
Səyyarinin sözlərinə görə, Hörmüz boğazının qərb tərəfi, boğazın özü və Fars körfəzi İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin ciddi nəzarəti altındadır, Hörmüz boğazının şərq tərəfi və Hind okeanının şimal hissəsi isə İran Hərbi Dəniz Qüvvələrinin daimi nəzarəti altındadır.
Kontr-admiral həmçinin qeyd edib ki, İran ordusu və İİKK strateji su yolu üzərində İranın nəzarətini təmin etmək üçün dronlardan geniş istifadə edir və əlavə edib ki, pilotsuz sistemlər çox qısa müddətdə və çətin döyüş şəraitində buraxılışa hazırlana bilər.
