Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Galaxy Orientis” Çin–ASEAN İnvestisiya Platformasında (“CAIP” və ya Proqram) iştirakı çoxtərəfli əməkdaşlığa inamın göstəricisidir.
Bunu Trend-ə müsahibəsində “CGS International Securities” şirkətinin Aktivlərin İdarə Edilməsi üzrə Qrup rəhbəri Ceyms Onq (James Ong) deyib.
O, əvvəlcə CAIP fəaliyyətinin ilkin mərhələsində diqqət yetirilməsi planlaşdırılan strateji prioritetlərdən və əsas sektorlardan bəhs edib:
“Çin ilə ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) arasında ticarət inteqrasiyasının dərinləşməsi və Cənub-Şərqi Asiyada təchizat zəncirlərinin sürətli şəkildə yenidən formalaşması fonunda CAIP bu struktur dəyişiklikləri dəstəkləyən sənaye, səhiyyə, istehlak, biznes xidmətləri, texnologiya və digər sahələrdə yüksək keyfiyyətli investisiya imkanlarını dəyərləndirməyi hədəfləyir.
Bu bazarın miqyası kifayət qədər böyükdür. 2025-ci ildə ASEAN və Çin arasında ikitərəfli ticarətin həcmi təxminən 1,05 trilyon ABŞ dollarına çatıb və Çin ASEAN-ın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Çin Ticarət Nazirliyinin məlumatına görə, Çinin ASEAN ölkələrinə yönələn xarici investisiyaları 2024-cü ildə illik müqayisədə təxminən 37 faiz artaraq 34,4 milyard ABŞ dollarına yüksəlib. Bu göstərici Çin kapitalının regionun istehsal, texnologiya və istehlak sektorlarına sürətlə yönəldiyini nümayiş etdirir. CAIP institusional investorlar üçün ən fərqli imkanların yarandığı məhz bu istiqamətlərə investisiya qoymağa çalışır.
İlk maliyyələşdirmə mərhələsini uğurla başa vurduqdan sonra növbəti əsas prioritetimiz vəsaitlərin yerləşdirilməsidir. 2026-cı ilin ikinci yarısında regionu əhatə edən bir fonda ilk investisiyanın həyata keçirilməsi nəzərdə tutulur”.
C. Onq Azərbaycanın ARDNF vasitəsilə platformada iştirakı fonunda rolundan, eləcə də ölkənin bu çərçivədə müəyyən potensial layihələrdə iştirakı və ya liderliyi üçün xüsusi imkanlardan da danışıb. O bildirib ki, ARDNF-nin iştirakı iki mühüm məqamı nümayiş etdirir:
“Birincisi, bu, Çin–ASEAN iqtisadi dəhlizi konsepsiyasına verilən dəstəyin göstəricisidir. Bu dəhliz artıq qlobal ticarətin ən mühüm iqtisadi oxlarından birinə çevrilib və Cənub-Şərqi Asiya dünyanın ən dinamik və perspektivli regionlarından biri olaraq qalır. Dəhlizdən kənarda yerləşən suveren investorun bu təşəbbüsə qoşulması həmin coğrafiyanın strateji əhəmiyyətinin güclü təsdiqidir.
İkincisi, mürəkkəb qlobal bazarlarda fəaliyyət göstərmək üçün suveren institutlar arasında əməkdaşlığın getdikcə daha vacib xarakter almasını göstərir. İlk maliyyələşdirmə mərhələsində üç suveren investorun iştirak etməsi institusional kapitalın sərhədlərarası yerləşdirilməsinə çoxtərəfli yanaşmanın göstəricisidir”.
Şirkət nümayəndəsi vurğulayıb ki, ARDNF platformaya xüsusi institusional baxış gətirir:
“Fond müxtəlif geosiyasi mühitlərdə uzunmüddətli investisiyalar həyata keçirmək təcrübəsinə və karbohidrogen gəlirlərinin idarə edilməsindən formalaşmış mürəkkəb portfel quruculuğu yanaşmasına malikdir. Eyni zamanda, ARDNF Asiyada inkişaf etmiş özəl investisiya əməliyyatlarına malik olan CIC və INA kimi qurumlarla əməkdaşlıqdan və çoxtərəfli suveren platformada fəaliyyət göstərməyin yaratdığı institusional təcrübədən faydalanır.
Bu cür suveren əməkdaşlıq artıq birtərəfli kapital axını deyil, bütün iştirakçı fondlara fayda verən model kimi qəbul edilir”.
C. Onq CAIP üzrə uzunmüddətli hədəflərindən, həmçinin Çin, ASEAN ölkələri və Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirə biləcək yeni layihələrdən bəhs edib:
“Proqram Çin və ASEAN ölkələri arasında ortaq inkişaf və sabitliyə yönəlmiş əməkdaşlığın dərinləşməsi kontekstində fəaliyyət göstərir. O, uzunmüddətli institusional kapitalın Çin–ASEAN iqtisadi dəhlizinə yönəldilməsi üçün praktiki mexanizm rolunu oynayır. İlk maliyyələşdirmə mərhələsində Çin, Cənub-Şərqi Asiya və Avrasiya regionunu təmsil edən suveren investorların bir araya gəlməsi bu dəhlizin potensialına olan çoxtərəfli etimadı nümayiş etdirir.
CAIP ASEAN bazarlarına çıxmağa hazır olan, aydın strategiyaya, rəqabət üstünlüklərinə və uzunmüddətli baxışa malik Çin şirkətlərini dəstəkləyəcək. Bu şirkətlər yalnız böyüməyi deyil, həm də regional və qlobal dəyər zəncirlərinə daha dərindən inteqrasiya olunmağı hədəfləyirlər.
Eyni zamanda, platforma Çinlə daha sıx əməkdaşlıqdan faydalana biləcək ASEAN şirkətləri ilə işləmək üçün də imkanlar yaradır. Bu əməkdaşlıq texnologiyalara çıxışın genişləndirilməsi, təchizat zəncirlərinin gücləndirilməsi və yeni biznes modellərinin yaradılması istiqamətlərini əhatə edə bilər.
Bu baxımdan proqram yalnız kapital yerləşdirilməsi ilə məhdudlaşmır. Məqsəd Çin–ASEAN iqtisadi dəhlizi çərçivəsində bazarlar, sənayelər və biznes ekosistemləri arasında uzunmüddətli kommersiya əlaqələrinin qurulmasıdır”.
Şirkət rəsmisi vurğulayıb ki, daha geniş mənada isə Çin, Cənub-Şərqi Asiya və Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin dərinləşməsi institusional investorların Asiya bazarlarına yanaşmasını dəyişir. O qeyd edib ki, “CGS International” ilə ARDNF arasında əməkdaşlıq, digər suveren tərəfdaşlarla olduğu kimi, hər hansı bir fondun çərçivəsindən kənara çıxır.
“Regional kapital axınları inkişaf etdikcə, institusional dialoqun davam etdirilməsi və tərəflərin strateji maraqlarına uyğun olan yeni əməkdaşlıq formatlarının yaranacağı gözlənilir”, - deyə C. Onq əlavə edib.
Bu ilin aprel ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu birgə “Galaxy Orientis” Çin–ASEAN İnvestisiya Platformasını (“CAIP” və ya Proqram) təsis edib. Sözügedən platforma Çin və ASEAN regionu arasında uzunmüddətli investisiya imkanlarının reallaşdırılmasına yönəlmiş suveren özəl kapital platformasıdır. Proqram çərçivəsində ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları məbləğində vəsait cəlb olunmuş, ümumi hədəf həcmi isə 1 milyard ABŞ dolları olaraq müəyyən edilib.
Platforma Çin və ASEAN regionu arasında kapital axınlarının təşviqi və sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə üç suveren fondun birgə idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir. Çin - ASEAN ticarət əlaqələrinin dərinləşməsi və Cənub-Şərqi Asiyada təchizat zəncirlərinin yenidən formalaşması fonunda Proqram sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya kimi sahələrdə yüksək keyfiyyətli investisiya imkanlarının dəyərləndirilməsini hədəfləyir.
Qeyd edək ki, “CGS International Securities” şirkəti CAIP proqramının idarəedici tərəfdaşıdır (program manager). Proqramın baş tərəfdaşı qismində çıxış edən “China Galaxy Securities” şirkətinin beynəlxalq əməliyyatlar üzrə törəmə qurumu – “CGS International Securities Pte. Ltd.” region üzrə geniş təcrübə, əməliyyat infrastrukturu və Cənub-Şərqi Asiyada mövcud şəbəkələri ilə platformanın fəaliyyətinə dəstək verir.
“CGS International Securities Pte. Ltd.” (“CGS International”) “CGS”in beynəlxalq fəaliyyətini həyata keçirən törəmə qurumudur və şirkətin qlobal biznesinin inkişafına məsuldur. “CGS”in güclü institusional bazasına və qlobal, eləcə də ASEAN regionu üzrə dərin bazar biliklərinə əsaslanaraq, “CGS International” qiymətli kağızlarla ticarət, aktivlərin idarə edilməsi, investisiya bankçılığı, analitik tədqiqat xidmətləri, sabit gəlirli alətlər, valyuta və əmtəə əməliyyatları, strukturlaşdırılmış maliyyə məhsulları və broker xidmətləri daxil olmaqla geniş xidmətlər təqdim edir. Şirkət 10-dan artıq ölkə və regionda fəaliyyət göstərir.
