Şahdəniz layihəsi DVX daxilolmalarında artımın əsas mənbəyi olub - Hesablama Palatası

İqtisadiyyat Materials 12 İyun 2026 12:05 (UTC +04:00)
Şahdəniz layihəsi DVX daxilolmalarında artımın əsas mənbəyi olub - Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 16 milyard 355,2 milyon manat məbləğində vəsait daxil olub. Bu göstərici 15 milyard 500,0 milyon manatlıq proqnoza qarşı 855,2 milyon manat və ya 5,5%, 2024-cü ilin icrası ilə müqayisədə isə 547,2 milyon manat və ya 3,5% artım deməkdir.

Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.

Məlumata əsasən, hesabat ilində DVX xətti üzrə daxilolmalarda əsas artım neft-qaz sektorunda, xüsusilə Şahdəniz layihəsi çərçivəsində formalaşan mənfəət vergisi və ƏDV üzrə daxilolmalar hesabına təmin edilib.

Məlumata görə, neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi 2 milyard 552,0 milyon manat təşkil edib ki, bu da proqnozdan 602,0 milyon manat və ya 30,9% çoxdur. Bu artımda Şahdəniz layihəsi üzrə daxilolmalar xüsusi paya malik olub.

Qeyri neft-qaz sektoru üzrə DVX xətti ilə daxilolmalar isə 12 milyard 7,8 milyon manat təşkil edərək proqnozu 337,8 milyon manat və ya 2,9% üstələyib.

Hesabatda qeyd olunur ki, ümumilikdə 13 mədaxil mənbəyindən 7-si üzrə daxilolmalar proqnozu 408,0 milyon manat və ya 13,9% üstələyib, 6 mənbə üzrə isə 1 milyard 263,2 milyon manat və ya 10,1% kəsir qeydə alınıb. Kəsirlər əsasən ƏDV, mənfəət vergisi və digər vergi növləri ilə bağlı olub.

Bundan əlavə, 2025-ci il ərzində təbii qazın orta satış qiymətinin proqnozdan 26,4% yüksək olması və fiskal stimullaşdırma tədbirləri də DVX daxilolmalarının artmasına təsir göstərən əsas amillər kimi qeyd edilib.

Hesabat ilində aktiv vergi ödəyicilərinin sayı da artaraq 1 yanvar 2026-cı il tarixinə 860 min nəfərə çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti