İsmayıllıda kənd təsərrüfatı üzrə əsas hədəflər açıqlanıb

İqtisadiyyat Materials 12 İyun 2026 11:22 (UTC +04:00)
İsmayıllıda kənd təsərrüfatı üzrə əsas hədəflər açıqlanıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Təsdiq olunmuş Dövlət Proqramı qarşıya mühüm hədəflər qoyur və bu hədəflərə nail olmaq hər kəsin fəal iştirakını tələb edir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda keçirilən Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Nahid Bağırov qarşıda duran hədəfləri də açıqlayıb.

"Bizim hədəflərimiz aydındır:
• Taxıl və digər bitkilərdə məhsuldarlığı elmi əsaslarla artırmaq;
• Torpağın münbitliyini qorumaq üçün növbəli əkin sistemini genişləndirmək;
• Meyvəçilik və üzümçülük ənənələrini qoruyaraq intensiv bağların salınmasını sürətləndirmək;
• Tərəvəz istehsalında mütərəqqi və innovativ üsulları stimullaşdırmaq;
• Soyuducu anbarların logistik imkanlarından maksimum səmərəli istifadə etmək;
• Su ehtiyatlarının idarə olunmasını təkmilləşdirmək və müasir qənaətcil suvarma şəbəkələrini genişləndirmək", - deyə o bildirib.

"Dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı fermerlərin, sahibkarların rifahının yüksəldilməsinə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib. Qarşıda duran vəzifələri uğurla yerinə yetirmək üçün müasir yanaşmaların tətbiqi, ekstensiv və intensiv inkişaf metodlarının uzlaşdırılması məhsul istehsalının və məhsuldarlığın daha da artırılmasına imkan verəcək.

Lakin xüsusi vurğulamalıyıq ki, dövlətin təqdim etdiyi geniş imkanlardan və resurslardan şəffaf, məqsədyönlü və qənaətlə istifadə olunması təkcə dövlət qurumlarının deyil, həm də hər bir fermerin və sahibkarın üzərinə düşən vətəndaşlıq borcudur. Dövlət Proqramının uğurlu icrası, istehsalçıların qarşılaşdığı çətinliklərin operativ həlli, dövlət dəstəyi mexanizmlərinin əlçatanlığının təmin edilməsi və proseslərə effektiv nəzarət bütün tərəflərdən yüksək koordinasiya və məsuliyyət tələb edir", - deyə o vurğulayıb.

Nahid Bağırov regiondakı su mənbələrinin əhəmiyyətinə toxunub. İsmayıllıda su təminatı və suvarma infrastrukturu kənd təsərrüfatının müasir tələbatına uyğunlaşdırılır.

"Aşıqbayramlı su anbarı və regionun digər su mənbələri torpaqlarımızın münbitliyinin bərpası, eləcə də regional məhsuldarlığın artırılmasında strateji əhəmiyyət kəsb edir. Qlobal iqlim dəyişiklikləri fonunda suya qənaət edən müasir sistemlərin tətbiqi, iqlimə dözümlü toxum sortlarının istifadəsi kimi prioritet hesab edilən istiqamətlər qarşıda duran əsas vəzifələrdəndir", - deyə icra başçısı qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə bu gündən regional müşavirələrə başlanılıb. Regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.

Görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti