Bu qanun layihəsi uşaqların və yeniyetmələrin ziyanlı məzmundan qorunmasına xidmət edəcək - Fariz İsmayılzadə

Cəmiyyət Materials 12 İyun 2026 16:08 (UTC +04:00)
Bu qanun layihəsi uşaqların və yeniyetmələrin ziyanlı məzmundan qorunmasına xidmət edəcək - Fariz İsmayılzadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müzakirə olunan qanun layihəsi gənclərin və uşaqların tərbiyəsi baxımından olduqca mühüm əhəmiyyət daşıyır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Fariz İsmayılzadə parlamentin bugünkü iclasında deyib.

Deputat bildirib ki, hazırda ölkənin informasiya məkanında, o cümlədən sosial şəbəkələrdə kifayət qədər liberal atmosfer hökm sürür və istənilən şəxs, qurum və ya hərəkat müxtəlif platformalarda hesab yaradaraq təbliğat fəaliyyəti həyata keçirə bilir.

Onun sözlərinə görə, yayılan məzmunlar arasında milli dəyərlərə zidd, dövlətçilik əleyhinə olan və yeniyetmələrin tərbiyəsinə mənfi təsir göstərən paylaşımlar da mövcuddur.

“Uşaqlarımız bu nəzarətsiz vəziyyətdə ziyanlı məzmunu saatlarla izləyir, istifadə edir və yayırlar. Belə vəziyyət eyni zamanda dövlətimizin informasiya təhlükəsizliyi və milli suverenliyi üçün də yeni təhdidlər yaradır. Əhalinin ideoloji durumu müxtəlif mənbələrdən idarə oluna bilir”, – deyə millət vəkili vurğulayıb.

Fariz İsmayılzadə qeyd edib ki, qanun layihəsinin qəbuluna əslində daha əvvəl ehtiyac var idi.

“Bu qanun layihəsi müəyyən mənada gecikmiş addım hesab oluna bilər. Çünki belə bir tənzimləməyə çoxdan ehtiyac duyulurdu”, – deyə o əlavə edib.

Deputat bildirib ki, nəzərdə tutulan dəyişikliklər uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən daha təhlükəsiz və faydalı şəkildə istifadə etməsinə şərait yaradacaq.

Onun fikrincə, bu addım ziyanlı məzmunun təsirinin azaldılmasına, eyni zamanda gənclərin diqqət və vaxtının daha çox tədris prosesinə və təhsil materiallarına yönəldilməsinə xidmət edəcək.

Fariz İsmayılzadə vurğulayıb ki, oxşar təcrübə artıq bir sıra ölkələrdə tətbiq olunub və müsbət nəticələr verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti