Bakı. Trend:
Hesablama Palatası 2025-ci ildə dövlət büdcəsinin vəsaitlərinin vaxtında icrasına dair təhlillərin nəticələrini açıqlayıb.
Bu barədə Palatanın “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.
Məlumata əsasən, 2025-ci ildə dövlət büdcəsi gəlirlərinin proqnozla müqayisədə icra səviyyəsi aylar üzrə 92,8 faizdən 116,5 faizədək dəyişib. İl ərzində 8 ay proqnozdan artıq, 4 ay isə proqnozdan aşağı icra qeydə alınıb.
Ən yüksək icra dekabr ayında 116,5 faiz olmaqla qeydə alınıb. Bu, İqtisadiyyat Nazirliyi xətti ilə daxilolmalar, büdcə təşkilatlarının ödənişli xidmətlərindən gəlirlər və sair gəlirlərin, o cümlədən dividendlərlə bağlı daxilolmaların artması ilə izah olunur.
Ən aşağı icra isə noyabr ayında 92,8 faiz təşkil edib. Bu dövrdə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər mənbələr üzrə daxilolmalar, eləcə də dividendlərlə bağlı sair gəlirlər proqnozdan aşağı olub.
Təhlillərə əsasən, İqtisadiyyat Nazirliyi üzrə daxilolmalar bəzi aylarda, Dövlət Gömrük Komitəsi üzrə isə ilin bir neçə ayı istisna olmaqla proqnozdan artıq icra edilib. Dövlət Neft Fondundan transfertlər yanvar və aprel aylarında kəsirlə icra olunsa da, sonrakı aylarda bu fərq kompensasiya edilib.
Hesablama Palatasının məlumatına görə, 2025-ci ildə dövlət büdcəsi xərclərinin icrası aylar üzrə 68,5 faizdən 114,6 faizədək dəyişib. Ən yüksək icra dekabr ayında qeydə alınıb və əsasən əsaslı vəsait qoyuluşu və qeyri-yaşayış binalarının təmiri ilə bağlı olub.
Ən aşağı icra isə sentyabr ayında 68,5 faiz təşkil edib. Bu dövrdə ehtiyat fondlar və investisiya xərcləri üzrə icranın aşağı olması əsas səbəb kimi göstərilib.
İl ərzində xərclərin böyük hissəsi dekabr ayında icra olunub və bu göstərici ümumi büdcə xərclərinin 18,6 faizini təşkil edib. Təhlillər dekabr ayı üzrə xərclərin orta aylıq göstəricidən 2,5 dəfə yüksək olduğunu göstərib.
Hesabatda qeyd olunub ki, 2025-ci ilin dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub. Gəlirlər proqnozdan 828,6 milyon manat çox, xərclər isə 2,8 milyard manat az icra edilib. Bu, son 10 ildə ilk dəfə büdcənin il sonunu profisitlə başa vurması kimi qiymətləndirilir.
