Bakı. Trend:
Qazaxıstanın Orta Dəhliz üzrə əsas tranzit qovşaqlarından birinə çevrilmək planları logistika və infrastruktur sahəsində mövcud problemlərlə üzləşir.
Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) "Kazakhstan: Accelerating Sustainable Infrastructure Investments" adlı hesabatında qeyd olunub.
Sənəddə bildirilir ki, son 15 ildə nəqliyyat infrastrukturuna təxminən 35 milyard ABŞ dolları həcmində investisiya yatırılmasına baxmayaraq, Qazaxıstan 2023-cü il Logistika Performansı İndeksində 139 ölkə arasında yalnız 79-cu yerdə qərarlaşıb. Bu isə ölkədə logistika imkanları, nəqliyyat növləri arasında inteqrasiya və nəqliyyat dəhlizlərinin səmərəliliyi sahəsində problemlərin davam etdiyini göstərir.
İƏİT qeyd edir ki, Qazaxıstan xüsusilə şimal marşrutlarında yaranan fasilələrdən sonra yük həcmlərinin artdığı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca mühüm tranzit mərkəzinə çevrilməyi hədəfləyir. Bununla belə, gecikmələr, infrastruktur tutumunun məhdudluğu və müxtəlif nəqliyyat növləri arasında əlaqələrin yetərincə inkişaf etməməsi ticarət proseslərini çətinləşdirir, xərcləri artırır və ölkənin Orta Dəhlizdəki roluna mənfi təsir göstərir.
Hesabatda vurğulanır ki, Qazaxıstan hökumətinin 2030-cu ilə qədər olan strategiyaları avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı infrastrukturuna, sərhəd keçid məntəqələrinə və nəqliyyat parkının modernləşdirilməsinə yönəlmiş çoxşaxəli investisiyaları nəzərdə tutur.
Bununla yanaşı, iqlim dəyişiklikləri ilə bağlı risklər də nəqliyyat infrastrukturunun dayanıqlılığı üçün əlavə təhdid yaradır. İƏİT daşqınlar və Xəzər dənizinin səviyyəsinin azalmasının gələcəkdə nəqliyyat və logistika sistemlərinin etibarlılığına mənfi təsir göstərə biləcəyini qeyd edir.
Təşkilatın qənaətinə görə, logistika xərclərinin azaldılması, qlobal bazarlara çıxışı təmin edən dayanıqlı və fasiləsiz nəqliyyat əlaqələrinin gücləndirilməsi olmadan Qazaxıstanın tranzit mərkəzinə çevrilmək və ixrac potensialını artırmaq hədəflərinə nail olması çətin olacaq. Bundan əlavə, nəqliyyat infrastrukturunun genişləndirilməsi prosesində istixana qazı emissiyalarının azaldılması məqsədlərinin də nəzərə alınmasının vacibliyi vurğulanır.
Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən və Asiyanı Avropa ilə birləşdirən nəqliyyat ticarət marşrutudur. O, ənənəvi Şimal və Cənub Dəhlizlərinə alternativ kimi xidmət edir.
Marşrut Çindən başlayır və Orta Asiya ölkələrindən keçir. Daha sonra Avropaya çatmadan əvvəl Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir. Orta Dəhliz, Çin də daxil olmaqla, Asiyanın şərq bölgələrini Avropa ilə birləşdirən daha uzun dəniz yollarını keçən quru yoludur.
