Bakı. Trend:
Əvvəllər əsasən cənub bölgələrində qeydə alınan Qərbi Nil virusunun Almaniyanın paytaxtı Berlində davamlı şəkildə yayılmağa başladığı bildirilir.
Berlinin "Şarite" klinikasının alimləri bu qənaətə apardıqları araşdırmanın nəticələrini açıqlayıblar.
Mütəxəssislər tərəfindən tədqiq edilən 24 min ağcaqanad nümunəsinin nəticələrinə əsasən, 2023-cü ildə bu həşəratların təxminən 6 faizinin virusun daşıyıcısı olduğu müəyyən edilib. Bu göstərici Qərbi Nil virusunun mütəmadi şəkildə xəstəliklərə səbəb olduğu Cənubi Avropa ölkələrindəki statistikaya yaxındır.
Xüsusi narahatlıq doğuran məqam virusun təbiət ərazilərində deyil, insanların daha çox toplandığı parklarda, qəbiristanlıqlarda və bağ sahələrində aşkarlanmasıdır. Tədqiqatçılar ən çox yoluxmuş ağcaqanadlara məhz bu məkanlarda rast gəldiklərini bildiriblər. Ehtimal olunur ki, həmin ərazilərdə yaşayan bəzi quş növləri virusun yayılmasında mühüm rol oynayır.
Mütəxəssislərin sözlərinə görə, yoluxanların əksəriyyətində xəstəlik heç bir simptomla müşayiət olunmur. Bununla belə, təxminən hər beş nəfərdən birində qripə bənzər əlamətlər müşahidə edilir. Yoluxanların təxminən bir faizində isə xəstəlik ağırlaşaraq meningitə səbəb ola bilər. Yaşlı şəxslər risk qrupuna daxil edilirlər.
Virusoloqlar hesab edirlər ki, Berlində virusa yoluxanların real
sayı rəsmi statistikadan ən azı 100 dəfə çox ola bilər. İqlim
dəyişikliklərinin təsiri fonunda gələcəkdə yoluxma hallarının daha
da artacağı istisna edilmir.