Uşaqlar üçün milli rəqəmsal ekosistemin yaradılması nəzərdən keçirilməlidir - Deputat

Cəmiyyət Materials 12 İyun 2026 14:56 (UTC +04:00)
Uşaqlar üçün milli rəqəmsal ekosistemin yaradılması nəzərdən keçirilməlidir - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Uşaqlar və yeniyetmələr üçün milli rəqəmsal ekosistemin yaradılması perspektivi gələcəkdə nəzərdən keçirilməsi zəruri olan mühüm istiqamətlərdən biridir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli parlamentin bugünkü iclasında deyib.

Deputat bildirib ki, qanun layihəsi yeni dövrün ən həssas məsələlərindən biri olan uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsinə həsr olunub və sənədin məqsədini, strateji hədəfini və mahiyyətini tam dəstəkləyir.

Onun sözlərinə görə, təklif olunan əlavə və dəyişikliklərin tətbiqi zamanı bəzi məsələlərin əlavə izahına və gələcəkdə daha geniş hüquqi tənzimlənməsinə ehtiyac yaranacaq.

Elçin Mirzəbəyli vurğulayıb ki, qanun layihəsində əsasən “sosial şəbəkə platforması” anlayışından istifadə olunsa da, rəqəmsal texnologiyaların sürətli inkişafı klassik sosial şəbəkələrlə mesajlaşma xidmətləri arasındakı sərhədləri aradan qaldırıb.

Deputat qeyd edib ki, "Telegram", "WhatsApp" və digər oxşar sistemlər artıq təkcə mesajlaşma vasitəsi deyil, həm də kütləvi kanallar, ictimai qruplar, videoyayım xidmətləri və geniş auditoriyaya yönəlmiş məzmun paylaşımı imkanları təqdim edir.

“Bu platformalar da sosial platforma funksiyalarını yerinə yetirirlər və uşaqlar üçün yarana biləcək risklər baxımından ənənəvi sosial şəbəkələrdən heç də az təhlükəli deyillər. Bu səbəbdən gələcək hüquqi tənzimləmələr hazırlanarkən ümumilikdə "rəqəmsal kommunikasiya platformaları" anlayışına da diqqət yetirilməsi məqsədəuyğundur”, – deyə o əlavə edib.

Millət vəkili qanunvericiliyə sosial şəbəkə reyestri anlayışının gətirilməsinin və sosial şəbəkələrin təsnifatının müasir çağırışlar nəzərə alınmaqla daha geniş müəyyənləşdirilməsinin vacib olduğunu bildirib.

Deputatın sözlərinə görə, uşaqların həyatına təsir göstərən əsas texnologiyalardan biri də süni intellekt sistemləridir. O qeyd edib ki, süni intellekt tətbiqləri uşaqların məlumat əldə etməsinə, qərar qəbul etməsinə, davranış modellərinə və dünyagörüşünə təsir göstərmək imkanına malikdir.

“Elə buna görə də yaxın gələcəkdə uşaqların süni intellekt sistemlərindən istifadəsi, onların fərdi məlumatlarının qorunması, alqoritmik təsirlərdən müdafiəsi və yaşa uyğun təhlükəsizlik standartlarının müəyyənləşdirilməsi ilə bağlı ayrıca hüquqi tənzimləmələrin hazırlanmasına ehtiyac yaranacaq”, – deyə o vurğulayıb.

Elçin Mirzəbəyli qeyd edib ki, uşaqların və yeniyetmələrin təhlükəli rəqəmsal mühitdən qorunması üçün müəyyən məhdudiyyətlərin tətbiqi vacibdir, lakin eyni zamanda alternativlər üzərində də düşünmək lazımdır.

Onun fikrincə, ölkədə məktəblilər və yeniyetmələr üçün təhlükəsiz rəqəmsal ekosistemin formalaşdırılması istiqamətində addımlar atıla bilər.

Deputat bildirib ki, yerli operatorlar tərəfindən istiqamətləndirilən, sosial şəbəkə ilə təhsil və mədəniyyət platformasının hibrid modelini özündə birləşdirən layihələrin həyata keçirilməsi mümkündür.

“Bu qəbildən olan layihələr Türk Dövlətləri Təşkilatı üzv ölkələrinin iştirakı ilə də reallaşdırıla bilər. Məsələn, "GəncTürk" adlı sosial şəbəkə platforması yaradıla bilər. Eyni zamanda TÜRKSOY çərçivəsində türk xalqlarının ortaq mədəniyyət yönümlü sosial şəbəkə platformasının yaradılması da mümkündür”, – deyə o əlavə edib.

Deputat sonda qanun layihəsini rəqəmsal dövrün çağırışlarına verilən mühüm hüquqi cavab kimi qiymətləndirdiyini bildirib və sənədi dəstəklədiyini, eyni zamanda səsləndirdiyi təkliflərin gələcək təkmilləşdirmə prosesində nəzərə alınmasının məqsədəuyğun olduğunu qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti