AMB 2025-ci ili mənfəətlə başa vurub

İqtisadiyyat Materials 12 İyun 2026 17:09 (UTC +04:00)
AMB 2025-ci ili mənfəətlə başa vurub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən Azərbaycan Mərkəzi Bankının (AMB) 31 dekabr 2025-ci il tarixinə gəlirləri 1 milyard 59.6 milyon manat təşkil edib.

AMB-nin məlumatına əsasən, gəlirlərin 863.8 milyon manatı valyuta aktivlərinin idarə edilməsi üzrə faiz, yenidən qiymətləndirmə və konvertasiya gəlirlərindən, 69.5 milyon manatı daxili bazarda əldə edilmiş qiymətli kağızlar üzrə faiz gəlirlərindən, 6.9 milyon manatı mərkəzləşdirilmiş kredit resursları üzrə faiz gəlirlərindən, 18.5 milyon manatı müştərilərə göstərilən xidmətlər üzrə gəlirlərdən ibarət olub.

Həmçinin 8.8 milyon manatı maliyyə aktivlərinin amortizasiyası və 0.7 milyon manatı həmin aktivlərin ədalətli dəyərinin dəyişiklikləri üzrə gəlirlər, 0.7 milyon manatı isə daxili bazarda törəmə maliyyə alətləri üzrə gəlirlər yaradıb. Əlavə olaraq 12.8 milyon manatı amortizasiya olunan kateqoriyasına aid maliyyə aktivləri üzrə yaradılmış ehtiyatların bərpasından və 14.5 milyon manatı xatirə və investisiya pul nişanlarının satışı, investisiya mülkiyyətinin yenidən qiymətləndirmə üzrə və s. gəlirlərdən formalaşıb. Valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə mühasibat gəliri 63.4 milyon manat təşkil edib.

Hesabat dövründə Mərkəzi Bankın xərcləri bütövlükdə 334.8 milyon manat təşkil edib ki, bu xərclərin 211.6 milyon manatı əməliyyat xərclərinin payına düşür. Əməliyyat xərcləri əsasən Mərkəzi Bankın həyata keçirdiyi sterilizasiya əməliyyatları nəticəsində yaranmış xərclərdən, o cümlədən 114.9 milyon manatı banklardan cəlb edilmiş depozitlər üzrə, 27.8 milyon manatı AMB-nin notları üzrə, 13.7 milyon manatı isə banklarla repo əməliyyatları üzrə faiz xərclərindən ibarət olmuşdur. Bundan əlavə, əməliyyat xərclərinin 2.2 milyon manatını xarici maliyyə bazarlarında əməliyyatlar üzrə komissiya xərcləri, 31.5 milyon manatını Dövlət Xəzinədarlıq Agentliyi, Azərbaycan Dövlət Neft Fondu və Əmanətlərin Sığortalanması Fondu üzrə faiz xərcləri, 3.8 milyon manatını Beynəlxalq Valyuta Fondu üzrə xalis faiz xərcləri, 3.0 milyon manatını nağd xarici valyutanın gətirilməsi xərcləri, 14.7 milyon manatını isə kağız və 27 metal pulların (o cümlədən yubiley və xatirə pul nişanlarının) hazırlanması və nəqli üzrə xərclər təşkil edib.

Əməliyyat xərcləri çıxıldıqdan sonra Mərkəzi Bankın xərclərinin 123.2 milyon manatı inzibati və digər ənənəvi xərclərdən, o cümlədən 65.2 milyon manatı işçilərin əmək haqqı və Dövlət Sosial Müdafiə Fonduna ayırmalar üzrə xərclərdən, 28.8 milyon manatı əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə köhnəlmə xərclərindən, 29.2 milyon manatı digər ənənəvi xərclərdən (proqram təminatı və serverlərin dəstəklənməsi, inzibati binanın saxlanma və mühafizə xərcləri, ezamiyyə və s. xərclər) ibarət olub.

Beləliklə, 2025-ci il üzrə Mərkəzi Bankın maliyyə fəaliyyəti 724.8 milyon manat mənfəət ilə nəticələnib, reallaşdırılmış mənfəətin sərbəst qalığı isə 586.0 milyon manat təşkil edib. 31.12.2025-ci il tarixə Mərkəzi Bankın cəmi kapitalı 2 milyard 154.4 milyon manat, o cümlədən xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üçün məcmu gəlir üzrə ehtiyat 33.3 milyon manat, ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə mühasibat gəliri 6.0 milyon manat, bölüşdürülməmiş mənfəəti isə 1 milyard 115.1 milyon manat təşkil edib. Mərkəzi Bankın əvvəlki ildə (2024-cü) əldə etdiyi mənfəətin sərbəst qalığı hesabına 2025-ci ildə 542.2 milyon manat məbləğində vəsait Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti