Bakı. Trend:
2025-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 6 369,9 milyon manat məbləğində vəsait daxil olub. Bu göstərici təsdiq olunmuş proqnozla müqayisədə 230,1 milyon manat və ya 3,5%, 2024-cü ilin icrası ilə müqayisədə isə 278,8 milyon manat və ya 4,2% azalma deməkdir.
Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
Hesabat dövründə idxalın faktiki həcminin proqnoz göstəricilərindən geri qalması, eləcə də ƏDV-yə cəlb olunan idxalın azalması DGK xətti üzrə büdcə gəlirlərinin azalmasına təsir edən əsas amillər kimi qeyd olunur.
Məlumata görə, 2025-ci ildə (qeyri-monetar qızıl istisna olmaqla) idxalın həcmi 18 115,0 milyon ABŞ dolları təşkil edib ki, bu da proqnozdan 306,2 milyon dollar və ya 1,7% azdır.
Eyni zamanda gömrük ödənişlərinin idxal həcmində nisbəti 20,7%-ə enib ki, bu da 2023 və 2024-cü illərlə müqayisədə müvafiq olaraq 0,9 və 1,3 faiz bəndi azalma deməkdir.
Hesabatda qeyd olunur ki, ƏDV-yə cəlb olunan idxalın 333,5 milyon dollar və ya 2,5% azalması da DGK üzrə gəlirlərin ümumi həcminə mənfi təsir göstərib.
