İsmayıllı.Trend:
Əsas hədəf, sadəcə istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində iyunun 12-də İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, Dövlət Proqramı, 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.
"Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar sahədə daha güclü nəticələrin əldə olunmasına töhfə verəcəkdir", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə bu gündən regional müşavirələrə başlanılıb. Regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.
Bu görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil olunur.
