Bakı. Trend:
Cənubi Qafqaz ölkələrində iqtisadi artımın 2025-ci ildəki 3,9 faizdən 2026-cı ildə 3,4 faizə enəcəyi və 2027-ci ildə də bu səviyyədə qalacağı gözlənilir.
Bu barədə Dünya Bankının səhifəsində dərc olunmuş "Qlobal İqtisadi Perspektivlər 2026" (Global Economic Prospects 2026) adlı iyun hesabatında bildirilir.
Dünya Bankı yanvar proqnozu ilə müqayisədə Cənubi Qafqaz üzrə iqtisadi artım proqnozunu 2026-cı il üçün 0,1 faiz bəndi, 2027-ci il üçün isə 0,3 faiz bəndi artırıb.
Bununla yanaşı, Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozlarını da yüksəldib.
Yenilənmiş qiymətləndirmələrə əsasən, Azərbaycanın real ÜDM artımı 2026-cı ildə 2 faiz təşkil edəcək, 2027 və 2028-ci illərdə isə 1,8 faiz səviyyəsində olacağı gözlənilir.
Yanvar hesabatı ilə müqayisədə 2026-cı il üzrə proqnoz 0,2 faiz bəndi, 2027-ci il üzrə isə 0,1 faiz bəndi artırılıb.
2024-cü ildə Azərbaycanda ÜDM artımı 4,2 faiz olub. Halbuki, 2023-cü ildə iqtisadiyyat 1,4 faiz böyümüşdü. 2025-ci ildə isə iqtisadi artım 1,4 faiz təşkil edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin yayımladığı “2026-cı ilin yanvar–may ayları üzrə ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatına əsasən, cari ilin yanvar–may aylarında Azərbaycanda 51,784 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda yaradılmış əlavə dəyər 1 faiz azalaraq 16,125 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektorunda isə əlavə dəyər 0,4 faiz artaraq 35,658 milyard manata çatıb.
