Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək (FOTO)

İqtisadiyyat Materials 12 İyun 2026 12:58 (UTC +04:00)
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək (FOTO)

Bakı. Trend:

Azerconnect Group və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azerconnect Group-un baş direktoru Emil Məsimov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud imzalayıb.

Tərəfdaşlıq çərçivəsində Azerconnect Group təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllərlə qoruğun rəqəmsal transformasiyasına dəstək göstərəcək. Tərəflər süni intellekt əsaslı həllərin tətbiqi ilə ziyarətçi davranışlarının təhlili, fərdiləşdirilmiş xidmətlərin təqdim olunması, interaktiv rəqəmsal xəritələrin və audio bələdçinin yaradılması, smart turizm ekosisteminin qurulması kimi sahələrdə əməkdaşlıq edəcəklər. Bununla yanaşı, tarixi abidələrin 3D skanı, modelləşdirilməsi və rəqəmsal əkizlərinin formalaşdırılması istiqamətində layihələr icra olunacaq.

Azerconnect Group-un baş direktoru Emil Məsimov tədbirdə çıxışı zamanı tərəfdaşlığın tarixi məkanların rəqəmsal transformasiyası prosesində yeni imkanlar açacağını vurğulayıb: “İçərişəhər Azərbaycanın mədəni kimliyini yaşadan mühüm tarixi məkanlardan biridir. Azerconnect Group olaraq biz bu unikal mühitdə rəqəmsal texnologiyaların imkanlarından istifadə edərək ziyarətçi təcrübəsini daha da təkmilləşdirməyi, tarixi irsimizin qorunmasına töhfə verməyi hədəfləyirik. Təqdim edəcəyimiz süni intellekt əsaslı texnologiyalar, smart turizm həlləri İçərişəhəri yerli sakinlər və xarici qonaqlar üçün daha da innovativ məkana çevirəcək”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış edərək bu kimi əməkdaşlıqların tarixi irsimizə və müasir idarəetmə yanaşmalarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyıdığını vurğulayıb: “İçərişəhər tarixi irsin mühafizəsi sahəsində ənənəvi yanaşmaları müasir texnologiyalarla inteqrasiya edərək “Ağıllı Qoruq” modelini formalaşdırır. Rəqəmsal idarəetmə sistemləri, məlumat əsaslı qərarvermə və davamlı şəhər idarəçiliyi alətləri qoruğun daha səmərəli idarə olunmasına xidmət edir. Bu transformasiya tarixi-mədəni dəyərlərin qorunmasını təmin etməklə yanaşı, bütün maraqlı tərəflər üçün daha keyfiyyətli və innovativ mühit yaradır”.

Regionun aparıcı İKT şirkəti Azerconnect Group mobil, internet, beynəlxalq kanalların təşkili, FinTech, AdTech, Media/TV sahəsində rəqəmsal xidmətlər təqdim edir. 6 milyona yaxın müştəriyə süni intellekt əsaslı həllər təqdim edən Azerconnect Group-a Bakcell, AzerTelecom, Citynet, UltraNet, Goldenpay, DataSphere, NewMedia kimi şirkətlər daxildir. 4000-dən çox mütəxəssisin çalışdığı Azerconnect Group Azərbaycanın ən böyük işəgötürən şirkətlərindən biridir.

Azerconnect Group müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti