Bakı.Trend:
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi regionlarda təlim və maarifləndirmə fəaliyyətlərinin coğrafiyasını mərhələli şəkildə genişləndirir.
Trend-in Quba Regional Təlim Mərkəzində media nümayəndələri ilə keçirilən görüşdə olan müxbiri xəbər verir ki, bu barədə Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə məlumat verib.
Onun sözlərinə görə, növbəti Regional Təlim Mərkəzi Xankəndidə fəaliyyətə başlayıb: “Mərkəzin yaradılması işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi çərçivəsində xüsusi əhəmiyyət daşıyır və Qarabağa qayıdan, aqrar fəaliyyətlə məşğul olmaq istəyən vətəndaşların bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.
Zaqatala və Tovuz Regional Təlim Mərkəzlərinin yaradılması da regional tələbatdan irəli gəlib. Belə ki, Balakən, Zaqatala və Qax rayonlarında fındıqçılığın, Tovuz, Ağstafa və Qazax rayonlarında isə pomidor və digər tərəvəz istehsalının geniş yayılması həmin ərazilərdə zərərvericilərə qarşı mübarizə üzrə bilik və bacarıqların artırılmasını zəruri edib”.
Onun sözlərinə görə, hər iki mərkəz zərərvericilərə qarşı
mübarizə tədbirləri barədə maarifləndirmənin təşkili, eləcə də
aqrar sahənin inkişafına dəstək verən təlim və məsləhət
xidmətlərinin göstərilməsi istiqamətində fəaliyyət göstərir.
R.Mehdizadə vurğulayıb ki, görülən işlər fermerlərin və təsərrüfat
sahiblərinin məlumatlılığının artırılmasına, həmçinin qəhvəyi
mərmər bağacığının yaratdığı risklərin minimuma endirilməsinə
xidmət edir. Qarşıdakı dövrdə də bu istiqamətdə tədbirlərin daha da
genişləndirilməsi və regional əhatənin artırılması
planlaşdırılır.
