Subsidiya mexanizmi daha da təkmilləşdiriləcək - Məcnun Məmmədov

İqtisadiyyat Materials 11 İyun 2026 17:47 (UTC +04:00)
Subsidiya mexanizmi daha da təkmilləşdiriləcək - Məcnun Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Subsidiya mexanizmi, əlbəttə ki, yeni Dövlət Proqramının dəstəyi və cənab Prezidentin imzaladığı yeni fərmanlar əsasında daha da təkmilləşdiriləcək. Lakin bu təkmilləşdirmə paralel şəkildə digər islahatlarla birlikdə həyata keçiriləcək.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

Torpaqların konsolidasiyası məsələsinə gəldikdə isə, hər bir mütəxəssis təsdiqləyə bilər ki, torpaqların hazırkı parçalanmış vəziyyətində onların su ilə təmin olunması üçün suvarma şəbəkələrinin çəkilməsi dövlət üçün bəzən iki, hətta üç dəfə artıq investisiya xərci tələb edir. Konsolidasiya ilk növbədə məhz bu investisiya xərclərinin azaldılmasına xidmət edəcək.

İkinci olaraq, torpaq sahələrinin kompaktlaşdırılması istehsal vasitələrindən istifadənin səmərəliliyini artıracaq, torpaqdan daha effektiv istifadə imkanları yaradacaq. Üçüncü mühüm məqam isə bundan ibarətdir ki, bu proses həm koordinat problemlərinin aradan qaldırılmasına, həm də kadastr xəritələrinin dəqiqləşdirilməsinə xidmət edəcək. Eyni zamanda torpaqların daha da parçalanmasının və kiçilməsinin qarşısı alınacaq.

Bu çərçivədə torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq, yeni yollar çəkiləcək və hər bir torpaq sahəsinin mütləq şəkildə yol çıxışı təmin ediləcək. Bu gün kənd yerlərində bir çox torpaq paylarına çatmaq üçün digər şəxslərin torpaq sahələrindən keçmək zərurəti yaranır ki, bu da müxtəlif mübahisələrə və problemlərə səbəb olur. Konsolidasiyanın məqsədi torpaqları sadəcə birləşdirərək iri təsərrüfat yaratmaq deyil, məhz bu kimi problemləri aradan qaldırmaq, aqrar istehsal üçün daha əlverişli şərait formalaşdırmaqdır.

Pilot layihədən başlamamızın əsas səbəbi də məhz bu prosesin Azərbaycanda ilk dəfə həyata keçirilməsidir. Türkiyə və Avropa ölkələrinin təcrübəsini öyrənərkən gördük ki, ilkin mərhələdə fermerlər müəyyən narahatlıqlar ifadə etsələr də, sonradan nəticələri gördükdən sonra bu yanaşmanın tərəfdarına çevrilirlər.

Məsələn, Türkiyədə torpaq konsolidasiyası layihələri 1960-cı illərdən həyata keçirilsə də, proses xüsusilə 2006-cı ildən sonra sürətlənib. O dövrdə bir fermerin orta hesabla 11 ayrı torpaq payı var idi. Konsolidasiya nəticəsində bu göstərici 6 paya endirilib və proses hələ də davam edir. Fermerlərlə aparılan söhbətlər zamanı onlar bildirirlər ki, layihənin faydalarını gördükdən sonra torpaq paylarının sayının daha da azaldılmasını arzulayırlar.

Azərbaycanda iki bölgənin seçilməsinin səbəbi isə həmin ərazilərdə artıq su infrastruktur layihələrinin həyata keçirilməsidir. Məhz buna görə 32 kənd pilot layihəyə cəlb olunub və həmin kəndlərdə fermerlərin su təminatını qapalı şəbəkə sistemi vasitəsilə həyata keçirmək mümkün olacaq.

Cins heyvanların xüsusi çəkisinin artırılması məsələsinə gəlincə, bəli, 10 faiz göstəricisi yüksək hesab oluna bilməz. Lakin uzun illər belə bir yanlış təsəvvür formalaşmışdı ki, yalnız süni mayalanma yolu ilə 5-6 il ərzində ölkənin heyvandarlıq sektorunda cins tərkibini tamamilə yeniləmək mümkündür. Elmi baxımdan bu, doğru yanaşma deyil.

Mütəxəssislərin hesablamalarına görə, orta hesabla gündəlik 5 litr süd verən yerli cins heyvanların məhsuldarlığını süni mayalanma yolu ilə artırmaq üçün ən azı dörd nəsil tələb olunur. Bu isə minimum səkkiz il vaxt deməkdir. Nəticədə məhsuldarlıq 10-12 litrədək yüksələ bilər. Lakin məqsədimiz sadəcə 5 litrdən 10-12 litrə yüksəlmək deyil. Dünyada gündəlik 30-40 litr süd verən cinslər mövcuddur və biz həmin potensialdan istifadə etməliyik.

Bu baxımdan İsrail təcrübəsi maraqlı nümunədir. Ötən əsrin 60-70-ci illərində İsrail süd təminatını gücləndirmək məqsədilə Avropanın soyuq iqlimində yetişdirilən yüksək məhsuldarlıqlı Holştayn cinslərini ölkəyə gətirdi və təxminən 30 il ərzində onların yerli şəraitə uyğunlaşdırılması üzərində çalışdı. Bu gün İsraildə bir inəyin gündəlik süd məhsuldarlığı orta hesabla 40 litr təşkil edir. Bu göstərici Azərbaycanın hazırkı orta məhsuldarlığı ilə müqayisədə dəfələrlə yüksəkdir.

Lakin bu nəticəyə qısa müddətdə nail olunmayıb. Uzunmüddətli seleksiya işi, elmi yanaşma və ardıcıl dövlət siyasəti tələb olunub. Buna görə də cins tərkibinin yenilənməsi, seleksiya işlərinin genişləndirilməsi və süni mayalanmanın əhatə dairəsinin artırılması üçün müəyyən zaman tələb olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti