Əsas hədəf əlavə dəyər yaradan aqrar modelin formalaşdırılmasıdır - Sadiq Qurbanov

Cəmiyyət Materials 11 İyun 2026 15:00 (UTC +04:00)
Əsas hədəf əlavə dəyər yaradan aqrar modelin formalaşdırılmasıdır - Sadiq Qurbanov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə qlobal ərzaq bazarlarında müşahidə olunan qiymət dəyişiklikləri, iqlim amillərinin təsiri, logistik zəncirlərdə yaranan çətinliklər və geosiyasi proseslər kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

Komitə sədri bildirib ki, Azərbaycan 4,8 milyon hektaradək kənd təsərrüfatına yararlı torpaq fonduna malikdir:

“Bu göstərici bir çox Avropa ölkələrinin imkanlarını üstələyir. Qarşıda duran əsas vəzifə həmin torpaqların iqtisadi səmərəliliyini artırmaq, elmi yenilikləri istehsalata tətbiq etmək və məhsuldarlığın yeni mərhələsinə nail olmaqdan ibarətdir. Qarşıdakı illərdə əsas hədəf torpaq və su ehtiyatlarından maksimum səmərəliliklə istifadə etməklə yüksək əlavə dəyər yaradan aqrar modelin formalaşdırılmasıdır”.

Millət vəkili vurğulayıb ki, bu kontekstdə Dövlət Proqramının mühüm istiqamətlərindən biri kənd təsərrüfatının intensiv inkişaf modelinə keçididir:

“Aqrar istehsalda rəqəmsal texnologiyaların tətbiqi, ağıllı suvarma sistemlərinin genişləndirilməsi, müasir seleksiya və toxumçuluq fəaliyyətinin inkişafı, elmi tədqiqatların istehsalla inteqrasiyası məhsuldarlığın yüksəlməsinə xidmət edən əsas amillərdir”.

S.Qurbanovun sözlərinə görə, Dövlət Proqramı Azərbaycan iqtisadiyyatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji sənədlərdən biri kimi qiymətləndirilməlidir.

“Proqram ölkənin aqrar potensialının daha səmərəli reallaşdırılmasına, regionların iqtisadi fəallığının yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına, ixrac imkanlarının genişlənməsinə və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə güclü töhfə verəcək”, - deyə o fikirlərini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti