Şirvan suvarma kanalının tikintisi ilə bağlı görülən son işlər açıqlanıb

Cəmiyyət Materials 11 İyun 2026 15:23 (UTC +04:00)
Şirvan suvarma kanalının tikintisi ilə bağlı görülən son işlər açıqlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son 20 il ərzində ümumi tutumu 557 milyon kubmetr olan 5 yeni su anbarı tikilib, ümumi tutumu 37 milyon kubmetr olan 5 su anbarı əsaslı təmir edilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

Sədr müavini əlavə edib ki, eyni zamanda uzunluğu 4,7 min kilometrdən artıq olan suvarma kanalları yenidən qurulub, kollektor-drenaj şəbəkələri bərpa edilib, minlərlə kilometr boru kəməri çəkilib və 4 minədək yeni subartezian quyusu qazılıb.

Son dövrdə 26,8 milyon kubmetr tutuma malik Zabux su anbarı istifadəyə verilib, ümumi həcmi 44,3 milyon kubmetr olan Suqovuşan, Xaçınçay və Köndələnçay su anbarları əsaslı təmir edilərək istismara qaytarılıb.

Bundan əlavə, 51,6 kilometr uzunluğunda magistral suvarma xətti çəkilib ki, həmin xətt vasitəsilə Qubadlı və Zəngilan rayonlarında ümumilikdə 12 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb.

İ.Bayramov vurğulayıb ki, hazırda icra olunan ən mühüm strateji layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir:

“Kanalın uzunluğu 204,15 kilometr təşkil edir və təxminən 228 min hektar torpaq sahəsinin suvarılmasına xidmət göstərəcək. Bu layihə çərçivəsində 112 min hektar mövcud əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, eyni zamanda 106 min hektar yeni torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq”.

Sədr müavini bildirib ki, 2026-cı il üzrə təqdim olunmuş sifarişlərə əsasən, 1 milyon 565 min 360 hektar torpaq sahəsinin suvarılması proqnozlaşdırılıb və bunun üçün 6,8 milyard kubmetr su təminatının yaradılması planlaşdırılıb. Bu həcmin 52 faizi dənli və yem bitkilərinin, 48 faizi isə pambıqçılıq, tərəvəzçilik, bostançılıq, çoxillik əkinlər və digər kənd təsərrüfatı istiqamətlərinin su təminatına yönəldiləcək.

O əlavə edib ki, hazırda suvarma kanallarının, kollektor-drenaj şəbəkələrinin və digər hidrotexniki qurğuların coğrafi məlumatlarının vahid rəqəmsal platformada birləşdirilməsi istiqamətində işlər aparılır. Bu, gələcəkdə suvarma rejimlərinin daha düzgün planlaşdırılmasına, su resurslarının ədalətli bölüşdürülməsinə və suvarma qrafiklərinin daha səmərəli tətbiqinə imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti