Bakı. Trend:
Ember beyin mərkəzinin hesablamalarına görə, may ayında ABŞ-da ümumi elektrik enerjisi istehsalının 12,8%-ni günəş enerjisi istehsalı, 12,2%-ni isə kömürlə işləyən elektrik stansiyaları hesabına olub.
Xaici media yazır ki, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı bu ay ilk dəfə olaraq qazıntı yanacağına əsaslanan elektrik enerjisi istehsalını üstələyib. Təbii qaz elektrik enerjisinin əsas mənbəyi olaraq qalır və onun payı 37%-dir.
"Bu, ABŞ enerji sistemində struktur dəyişiklikdir", Ember şirkətinin baş analitiki Nikolas Fulqum bildirib. Şirkətlər elektrik enerjisi istehsalını tez bir zamanda artırmağa və günəş enerjisinə ucuz, əlçatan və sürətlə yerləşdirilə bilən bir mənbə kimi baxmağa çalışırlar.
May ayında günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 17% artıb, kömürlə işləyən elektrik stansiyalarında isə 11% azalıb.
Wood Mackenzie və Günəş Enerjisi Sənayesi Assosiasiyasının hesabatına görə, birinci rübdə ABŞ-da günəş enerjisi və saxlama sistemləri birlikdə quraşdırılmış yeni gücün 91%-ni təşkil edib. Kommunal xidmətlər və məlumat mərkəzi operatorları günəş enerjisini batareyalarla birlikdə əsas elektrik mənbəyi kimi getdikcə daha çox nəzərdən keçirdikcə bu tendensiyanın davam etməsi ehtimalı yüksəkdir.
