Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 41%-dən çox artıb

İqtisadiyyat Materials 11 İyun 2026 18:12 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 41%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 385,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 112,6 milyon ABŞ dolları və ya 41,3% çoxdur.

Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,22%-i həcmində olub. Bununla da Gürcüstan dövr ərzində Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 340,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 105,3 milyon ABŞ dolları və ya təqribən 44,8% çoxdur.

İxracda bu qədər artımın qeydə alınması Azərbaycandan Gürcüstana qeyri-neft məhsullarının ixrac həcmində əhəmiyyətli yüksəlişin olması ilə bağlıdır. Belə ki, ötən ilin ilk 4 ayında Azərbaycandan Gürcüstana 105,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilmişdisə, bu ilin yanvar-aprel aylarında bu rəqəmin həcmi 175,9 milyon ABŞ dollarına bərabər olub. Beləliklə, rəqəmlərdən də göründüyü kimi ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstan Azərbaycandan qeyri-neft məhsulları alışını 70,1 milyon ABŞ dolları və ya 66,3% artırıb.

Bundan başqa, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 45,3 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,3 milyon ABŞ dolları və ya 19,1% artım deməkdir.

Bir sözlə, Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələr strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir və regionun iqtisadi, enerji və nəqliyyat təhlükəsizliyində mühüm rol oynayır. İki ölkə uzun illərdir ki, enerji, tranzit, ticarət, investisiya və logistika sahələrində sıx əməkdaşlıq edir.

Bu ilin may ayında Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-də iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqlədilər. İmzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub.

İmzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolu daxildir.

Yuxarıda göstərilən hökumətlərarası sazişlərin həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq dövlət enerji şirkətləri 15 oktyabr 2026-cı il tarixindən gec olmayaraq, bağlanacaq müqavilələrin başlıca kommersiya parametrlərini müəyyən edən Əsas Şərtləri imzalanıb.

Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Midstream Operations” MMC (SMO) və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin, o cümlədən Supsa Neft Terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini müəyyən edən Əməliyyat Sazişi üzrə Əsas Şərtlər imzalanıb.

Koordinasiya Şurasının Protokolu həmçinin müvafiq dəmir yolu infrastrukturunun dəmir yolu xəttinin idarə olunmasına nəzarət etmək üçün BTKI Dəmir Yolları MMC Birgə Müəssisəsinə ötürülməsini rəsmiləşdirdi ki, bu da regional bağlantının gücləndirilməsində mühüm addımdır. Tərəflər əlavə olaraq 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

Nəqliyyat və logistika sahəsində də Azərbaycan və Gürcüstan mühüm tərəfdaşlardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Avropa ilə Asiya arasında yükdaşımaların genişlənməsinə xidmət edir. Hər iki ölkə Şərq-Qərb nəqliyyat dəhlizinin əsas iştirakçıları kimi regionun tranzit potensialının artırılmasına töhfə verir.

Xüsusi qeyd etmək lazımdır ki, bu ilin iyunun 2-də Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsindən sonra yükdaşıma imkanları əhəmiyyətli dərəcədə genişlənib və layihə yeni mərhələyə qədəm qoydu.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib ki, BTQ xətti artıq ənənəvi nəqliyyat bağlantısından çıxaraq Avrasiyanın strateji logistika arteriyalarından birinə çevrilib.

“Bu gün Bakı–Tbilisi–Qars dəmir yolu sadəcə alternativ marşrut deyil. O, Orta Dəhlizin mühüm struktur elementi kimi Azərbaycanın coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirən vacib infrastrukturdur”, – deyə R.Rüstəmov bildirib.

Sədr qeyd edib ki, layihənin modernləşdirilməsi nəticəsində dəmir yolunun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu isə Şərq–Qərb istiqamətində yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradır.

R.Rüstəmovun sözlərinə görə, BTQ-nin əhəmiyyəti Azərbaycanın tranzit imkanlarını genişləndirməsi ilə yanaşı, ölkəni regional logistika platformasına çevirməsində də özünü göstərir.

“Bu xətt sayəsində logistika imkanlarımız artıq yalnız Xəzər keçidi və Gürcüstan limanları ilə məhdudlaşmır. Türkiyə üzərindən Avropa dəmir yolu sisteminə birbaşa çıxış əldə etmişik. Dəmir yolu və dəniz daşımalarının inteqrasiyası nəticəsində Azərbaycan klassik tranzit ölkəsi statusundan çıxaraq regional logistika mərkəzinə çevrilib”, – o vurğulayıb.

Azərbaycan Gürcüstanın əsas enerji tərəfdaşlarından biridir. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələr iki ölkə arasında əməkdaşlığın əsas sütunlarını təşkil edir. Azərbaycan qazı Gürcüstan ərazisindən keçməklə Türkiyə və Avropa bazarlarına çatdırılır ki, bu da Gürcüstanın regional enerji qovşağı kimi əhəmiyyətini artırır.

Ticarət əlaqələri də dinamik inkişaf edir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi ardıcıl şəkildə artıb və Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran investorlar sırasındadır. Xüsusilə enerji, bankçılıq, telekommunikasiya, nəqliyyat və xidmət sektorlarında Azərbaycan kapitalının iştirakı diqqət çəkir.

Son dövrlərdə əməkdaşlığın yeni istiqamətlərindən biri “yaşıl enerji” sahəsidir. Azərbaycan və Gürcüstan Qara dəniz vasitəsilə Avropaya “yaşıl enerji” ixracını nəzərdə tutan strateji layihələr üzərində birgə işləyir. Bu təşəbbüslər bərpa olunan enerji mənbələrinin inkişafına və regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Ümumilikdə, Azərbaycan-Gürcüstan iqtisadi əlaqələri qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır. Enerji, nəqliyyat, ticarət, investisiya və yaşıl enerji sahələrində həyata keçirilən birgə layihələr iki ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, Cənubi Qafqazın beynəlxalq nəqliyyat və enerji mərkəzi kimi mövqeyini daha da gücləndirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti