Bakı. Trend:
Azərbaycanın iqtisadiyyatı ÜDM həcmini növbəti on il ərzində ikiqat artırmaq üçün zəruri resurslara, coğrafi üstünlüyə və institusional potensiala malikdir.
Bunu "Oliver Wyman" beynəlxalq konsaltinq şirkətinin Azərbaycan və Mərkəzi Avrasiya üzrə rəhbəri Camal İsmayılov Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“İllərdir Azərbaycanın inkişafını müşahidə etməklə gündəmin nə dərəcədə dəyişdiyini görürəm: ölkə iqtisadiyyatın şaxələndirilməsi müzakirələrindən praktik şəkildə karbohidrogen sektoruna alternativlərin yaradılmasına keçib — ilk növbədə logistika və emal sənayesinin bəzi istiqamətlərində. Artıq 2025-ci ildə qeyri-neft-qaz sektorlarının artımı ümumi iqtisadi artımı üstələyib. 2026-cı ildə Azərbaycanın ÜDM-nin 2,5-3% artacağı, qeyri-neft-qaz sektorunun isə 4%-dən çox böyüyəcəyi gözlənilir. Bu, real irəliləyişdir, lakin yetərli deyil. Neft-qaz sektoru hələ də iqtisadiyyatın əlavə dəyərinin 40%-dən çoxunu formalaşdırır, xidmətlərin payı isə ÜDM-in yarısından azdır ki, bu da qlobal və müqayisə olunan göstəricilərdən xeyli aşağıdır. Buna görə də potensial çox böyükdür. Azərbaycanın iqtisadiyyatı daha sürətli artım və hətta növbəti on ildə ÜDM-in ikiqat artırılması üçün bütün zəruri resurslara, əlverişli coğrafi mövqeyə və institusional bazaya malikdir. Lakin bunun üçün ilk növbədə yüksək marjalı, miqyaslana bilən və ixracyönümlü fəaliyyətlərə, xüsusilə xidmət sektoruna və enerji resurslarının dərin emalı sahələrinə qətiyyətli keçid zəruridir”,- deyə o qeyd edib.
Camal İsmayılovun sözlərinə görə, tədrici şaxələndirmə dövrü artıq arxada qalıb və növbəti inkişaf mərhələsi prioritetlərin dəqiq müəyyən edilməsini və qərar qəbulunun sürətləndirilməsini tələb edir.
Hansı sahələr artımın yeni hərəkətverici qüvvələrinə çevrilə bilər?
"Oliver Wyman" nümayəndəsi bildirib ki, şirkətin araşdırmaları Azərbaycanın yüksək artım, yüksək gəlirlilik və rəqabət üstünlüyü əldə edə biləcəyi bir neçə istiqaməti göstərir.
Ən yüksək orta və uzunmüddətli inkişaf potensialına malik sektorlar barədə danışan “Oliver Wyman” nümayəndəsi bildirib ki, şirkətin araşdırmaları Azərbaycanın genişmiqyaslı artım, yüksək gəlirlilik və rəqabət üstünlükləri əldə edə biləcəyi bir neçə istiqaməti müəyyən edib.
““Oliver Wyman”ın oxşar iqtisadiyyatlarla iş təcrübəsi göstərir ki, məhz məhdud sayda perspektivli istiqamətlərə fokuslanmaq dayanıqlı artıma nail olmağa imkan verir. Ən perspektivli hesab olunan dörd sektor aşağıdakılardır:
• ənənəvi neft emalı deyil, dərin emal olunan neft-kimya məhsulları və yüksək əlavə dəyərə malik, texnoloji cəhətdən inkişaf etmiş neft-kimya məhsullarının istehsalı;
• enerji sektoru ilə bağlı xidmətlər və ticarət əməliyyatları , o cümlədən maliyyələşmə, risklərin idarə olunması və resurs axınlarının kommersiyalaşdırılması;
• Orta Dəhlizdə logistika proseslərinin əlaqələndirilməsi, sadə tranzit funksiyasından ticarət axınlarının idarə olunması və analitik fəaliyyətlərə keçid;
• Bakının regional mərkəz qismində çıxış etdiyi təcrübəyə əsaslanan turizm və əyləncə sənayesi.
Kənd təsərrüfatı və ənənəvi sənaye sahələri mühüm sosial əhəmiyyətini qorusa da, hətta ən optimist ssenarilər belə göstərir ki, onlar ÜDM-in strukturunda ciddi dəyişiklik yaratmaq gücündə deyil. Beynəlxalq investorlar Azərbaycanın yalnız ölkə daxilində deyil, həm də regional və qlobal səviyyədə rəqabət apara biləcəyi istiqamətlərə diqqət yetirməlidirlər”, – deyə o vurğulayıb.
Tranzit dəhlizdən regional əlaqələndiriciyə
Camal İsmayılov hesab edir ki, Azərbaycan regional qovşaq mövqeyini gücləndirmək üçün nəqliyyat dəhlizlərinin idarə edilməsinin harmonizasiyasına fokuslanmalıdır.
“Coğrafi baxımdan Azərbaycan Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində son dərəcə əlverişli mövqedə yerləşir. Ölkədə artıq müasir limanlar, dəmir yolu infrastrukturu və enerji dəhlizləri mövcuddur. Lakin qovşaqlar yalnız yük daşımalarını deyil, həm də məlumat axınlarına, qiymətlərin formalaşmasına və risklərin idarə olunmasına nəzarət edir.
Hazırda Azərbaycan əsasən tranzit yığımları hesabına gəlir əldə edir. Növbəti mərhələ isə əlaqələndirmə, müqavilələrin bağlanması və ticarət analitikası kimi daha yüksək gəlirli istiqamətlərə keçiddir. Bunun üçün dəhlizlərin idarə olunması təkmilləşdirilməli, rəqəmsal ticarət sənədləri tətbiq edilməli, logistika maliyyələşməsi və sığorta inkişaf etdirilməli, transsərhəd prosesləri səmərəli şəkildə əlaqələndirə bilən institutlar yaradılmalıdır.
Başqa sözlə, ölkə bu sahədə axınların təşkilatçısı və əlaqələndiricisi roluna keçməlidir. Sinqapur və Rotterdam kimi nümunələr göstərir ki, əsas əlavə dəyər məhz burada formalaşır. Azərbaycan isə artıq bu keçid üçün tələb olunan bütün aktivlərə malikdir”, - deyə o bildirib.
Maliyyə sektoru — ən az qiymətləndirilən inkişaf mənbələrindən biri
Camal İsmayılovun fikrincə, maliyyə sektorunun inkişafı ölkənin iqtisadi artımının ən güclü multiplikatorlarından birinə çevrilə bilər.
“Bir çox ölkələrdə məhz bu amil digər sahələrin miqyaslanma qabiliyyətini müəyyən edir. Azərbaycanda bank sisteminin modernləşdirilməsi davam edir, lakin kapital bazarı hələ də lazımınca inkişaf etməyib, maliyyə xidmətlərinin ixracı isə minimal səviyyədədir.
Orta və yüksək məhsuldarlığa malik ölkələrdə maliyyə və İKT xidmətləri hər il milyardlarla dollar gəlir gətirir, halbuki Azərbaycanda onların iqtisadiyyata töhfəsi hələlik cüzidir. Burada məqsəd ikinci London və ya Frankfurtun yaradılması deyil. Daha vacibi aşağıdakı sahələrdə ixtisaslaşmış səlahiyyətlərin formalaşdırılmasıdır:
• enerji və logistika ilə bağlı əmtəə və ticarət maliyyələşdirilməsi;
• risklərin regional idarə olunması və sığorta;
• enerji transformasiyası çərçivəsində dayanıqlı və keçid maliyyələşdirilməsi;
• infrastruktur layihələrinin və dövlət-özəl tərəfdaşlığının strukturlaşdırılmış maliyyələşdirilməsi.
Bunun üçün etibarlı tənzimləmə, proqnozlaşdırıla bilən normativ mühit və beynəlxalq maliyyə mütəxəssisləri üçün açıq bazar tələb olunur. Güclü maliyyə sistemi olmadan digər perspektivli sahələr keyfiyyətcə yeni səviyyəyə çıxa bilməz”,- deyə o bildirib.
Rəqəmsal transformasiya yeni iqtisadiyyatın təməli kimi
Camal İsmayılov vurğulayıb ki, rəqəmsallaşma artıq təkcə texnoloji trend deyil, iqtisadi inkişafın əsas amilərindən biridir.
“Logistika, enerji ticarəti, maliyyə və turizmdə dəyər getdikcə daha çox fiziki aktivlərdən deyil, məlumatlardan, alqoritmlərdən və rəqəmsal platformalardan yaranır.
Təhlilimiz göstərir ki, süni intellekt əsaslı marşrutlaşdırma, avtomatlaşdırılmış hesablaşma sistemləri və uyğunluq nəzarəti olmadan Azərbaycan hətta əməliyyat həcmi artsa belə aşağı marjalı bazar iştirakçısı olaraq qala bilər.
Rəqəmsallaşma həm də idarəetmənin keyfiyyətini, şəffaflığı və investor etimadını artırır ki, bu da birbaşa xarici investisiyaların cəlbi üçün həlledicidir. Rəqəmsal standartları ilk tətbiq edən ölkələr uzunmüddətli rəqabət üstünlüyü qazanır, bunda geri qalanlara isə ayaqlaşmaq əhəmiyyətli dərəcədə daha çətin olur”, - deyə o qeyd edib.
Qlobal tendensiyalar Azərbaycanın xeyrinə işləyir
Camal İsmayılovun sözlərinə görə, bir sıra qlobal tendensiyalar Azərbaycan üçün əlverişli imkanlar yaradır:
•qlobal təchizat zəncirlərinin şaxələndirilməsi Orta Dəhlizin əhəmiyyətini artırır;
•enerji bazarlarının parçalanması regional ticarət qovşaqlarının və vasitəçilərin rolunu gücləndirir;
•xüsusilə intellektual və rəqəmsal xidmətlər sahəsində qlobal xidmət ticarətinin artması çevik iqtisadiyyatlar üçün yeni imkanlar açır;
•unikal təcrübələrin əldə edilməsinə yönəlmiş turizm ənənəvi turizm modellərindən daha sürətlə inkişaf edir.
“Lakin bu üstünlüklər əbədi olmayacaq. Bir çox ölkə eyni imkanlar uğrunda rəqabət aparır. Buna görə də vaxt həlledici əhəmiyyət daşıyır və Azərbaycan yalnız rəqiblərindən daha sürətli və qətiyyətli addımlar atacağı təqdirdə maksimum fayda əldə edə biləcək”, – deyə o vurğulayıb.
“Azərbaycan 3.0” konsepsiyası
Camal İsmayılov qeyd edib ki, ölkənin iqtisadi inkişafının əvvəlki mərhələləri əvvəlcə təbii ehtiyatların hasilatına, daha sonra isə infrastrukturun genişmiqyaslı inkişafına əsaslanıb.
“‘Azərbaycan 3.0" konsepsiyası prinsipial şəkildə fərqlənir. Onun mahiyyəti təkcə nəyin istehsal edilməsində deyil, əlavə dəyərin məhz harada yaradılması və saxlanılmasındadır.
Model aşağıdakı keçidi nəzərdə tutur:
•xammal satışından axınların monetizasiyasına;
•nəqliyyat dəhlizlərinin yerləşdirilməsindən proseslərin əlaqələndirilməsinin idarə edilməsinə;
•resurs hasilatından xidmətlərin və təcrübələrin ixracına.
Bundan əlavə, bu yanaşma resursların daha məqsədyönlü şəkildə cəmləşdirilməsini tələb edir. Geniş şaxələndirmə əvəzinə milli səylər güclü multiplikativ təsir yarada bilən məhdud sayda sahələrə yönəldilməlidir. Məhz bu amil dayanıqlı iqtisadi artımı struktur iqtisadi sıçrayışdan fərqləndirir”, - deyə o bildirib.
Hansı islahatlar zəruridir?
Camal İsmayılov əsas struktur islahatları arasında üç istiqaməti önə çəkib:
1. Xidmət sektoruna əsaslanan iqtisadi artım modelinə keçid və bununla əlaqədar tənzimləmə, təhsil və investisiya siyasətində dəyişikliklərin həyata keçirilməsi.
2. Xarici insan və maliyyə kapitalının daha geniş şəkildə cəlb edilməsi, belə ki, növbəti inkişaf mərhələsi üçün daxili resurslar kifayət etmir.
3. Prioritet sahələrdə vəzifələrin effektiv icrasına, səlahiyyətlərin aydın bölgüsünə, ölçülə bilən fəaliyyət göstəricilərinə və hesabatlılığa yönəlmiş institusional islahatlar.
“Bunlar asan islahatlar deyil və labüd olaraq müəyyən kompromislərlə müşayiət olunur. Lakin onlar olmadan Azərbaycan mövcud üstünlüklərinə və böyük potensialına baxmayaraq, uzun müddət aşağı təkrəqəmli iqtisadi artım tempində qala bilər”, – deyə o bildirib.
İnsan kapitalı həlledici amilə çevriləcək
İsmayılovun fikrincə, gələcək inkişafın qarşısındakı əsas məhdudiyyətlərdən biri insan kapitalıdır.
“Məhz bu sahədə əldə ediləcək irəliləyiş nəticə etibarilə digər bütün transformasiyaların sürətini müəyyən edəcək. Xidmətlərə əsaslanan iqtisadiyyat maliyyə, logistika, məlumatların analizi, rəqəmsal platformalar, əməliyyatların hüquqi müşayiəti və beynəlxalq biznes sahələrində peşəkar mütəxəssislər tələb edir.
Bu cür səriştələr kiçik əmək bazarlarında öz-özünə formalaşmır. Buna görə də aparıcı beynəlxalq institutlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən milli kadr hazırlığı proqramlarına ehtiyac var.
“Oliver Wyman”ın müxtəlif ölkələrdəki təcrübəsi göstərir ki, iqtisadiyyatın prioritet sektorları ilə birbaşa əlaqələndirilən peşəkar bacarıqların məqsədyönlü inkişafı islahatların nəticələrini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
Düzünü desək, kadr hazırlığı sisteminin sürətli transformasiyası və dünya səviyyəli istedadların cəlb olunması təmin edilməzsə, hətta ən keyfiyyətli iqtisadi strategiya belə yalnız nəzəriyyə olaraq qalmaq riski daşıyacaq”, – deyə o fikrini yekunlaşdırıb.
