Bakı. Trend:
İngiltərə və Uelsdə "XL Bully" və digər təhlükəli it cinsləri ilə bağlı yeni tənzimləmə çərçivəsində 12 yaşdan kiçik uşaqların bu heyvanlarla nəzarətsiz tək qalması qanunsuz hesab ediləcək.
Xarici media yazır ki, bu qərar müəyyən təhlükəli it cinslərinin uşaqlara hücum halları artmasından sonra qəbul edilib.
Parlamentə təqdim olunan yeni qanun layihəsinə əsasən, uşaqları təhlükəli itlərlə nəzarətsiz qoyan şəxslər cərimələnə və onların itləri müsadirə oluna bilər.
"Amerikan pitbull" növünə aid olan "XL Bully" güclü bədən quruluşu və 60 kiloqrama çata bilən çəkisi ilə tanınır.
Ölkədə son dövrlərdə baş vermiş çoxsaylı hücumlara görə məsul sayılan bu cinsin saxlanılması 1991-ci il tarixli Təhlükəli İtlər Qanunu çərçivəsində məhdudlaşdırılmışdı.
2024-cü il fevralın 1-dən etibarən isə xüsusi istisna sənədi olmadan "XL Bully" cinsli it saxlamaq cinayət hesab olunur.
Qadağan olunmuş cinslərə aid, istisna statusu verilmiş itlərin saxlanılmasına dair mövcud məhdudiyyətlərin genişləndirilməsi nəticəsində hazırlanan qaydalar noyabrın 1-dən qüvvəyə minəcək.
Bildirilib ki, ötən il ailəsinə məxsus "XL Bully" cinsli itin hücumuna məruz qalan 10 yaşlı qız uşağı və eyni cinsdən olan itin hücum etdiyi 9 aylıq körpə həyatını itirib.
Məlumata görə, İngiltərə və Uelsdə qadağanın tətbiq olunduğu 2024-cü ildə insanlara qarşı 31 920 it hücumu qeydə alınıb.
Bu göstərici 2023-cü illə müqayisədə 2 faiz artım deməkdir. 2025-ci ilə aid statistika isə hələ açıqlanmayıb.
2024-cü ildə qüvvəyə minən qanunlar lisenziyasız "XL Bully" saxlamağı cinayət hesab etməklə yanaşı, bu cinsdən olan itlərin satılmasını, tərk edilməsini, həmçinin ictimai yerlərdə qayışsız və ağızlıqsız gəzdirilməsini də qadağan edir.
