Doktorantura üçün dil imtahanı keçiriləcək

Cəmiyyət Materials 11 İyun 2026 10:34 (UTC +04:00)
Doktorantura üçün dil imtahanı keçiriləcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat elan edilir.

Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, imtahanda iştirak etmək üçün qeydiyyat 2026-cı il iyunun 11-dən 14-dək elektron qaydada aparılacaq.

Həm doktoranturaya qəbul olmaq istəyən namizədlər, həm də doktoranturada oxuyan iddiaçılar üçün xarici dillər üzrə imtahan 2026-cı il iyunun 25-də keçiriləcək. Doktorantura və dissertantura üzrə əcnəbilər üçün Azərbaycan dili imtahanı isə 16 iyunda keçiriləcək. Danışıq bloku üzrə imtahanın 17-19 iyun tarixlərində keçirilməsi planlaşdırılır.

Dövlət İmtahan Mərkəzi 2026-cı il iyun 11-dən 14-dək 2026/2027-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını elan edir.

Mərkəz eyni zamanda, qeyd olunan tarixlərdə doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.

Bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etməyə hazırlaşan namizədlər və Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar Mərkəzin internet saytında (https://ekabinet.dim.gov.az/ ) “Şəxsi kabinet” yaratmalı (şəxsi kabineti olmayanlar) və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizəd və iddiaçılar “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər.

20 oktyabr 2026-cı ildən sonrakı tarixlər üzrə qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (110 manat) silinir.

Mərkəzin doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı zamanı müvafiq magistratura ixtisaslaşmasını (filologiya, (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə) bitirən namizədlərin xarici dil seçiminə məhdudiyyət qoyulmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-cu bəndini nəzərə alaraq yuxarıda qeyd olunan müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlər də xarici dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ya ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər.

Qeyd edək ki, fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoru imtahanından ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan dili imtahanından isə ən azı 25 bal toplamış) iddiaçılara Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir.

İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti