Bakı. Trend:
Ermənistandakı seçkilərin nəticəsi onu göstərir ki, Ermənistan sülh və normallaşma prosesini davam etdirmək istəyir. Azərbaycanın haqlı tələbləri və gözləntiləri isə dəyişməyib.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM tərəfindən keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda konfransda deyib.
İdarə Heyəti sədrinin sözlərinə görə, son iki-üç gündə seçkilərdən sonra, xüsusilə Qərb mediasında məqalələr dərc olunub və belə bir fikir irəli sürülür ki, Azərbaycan referendum və konstitusiya ilə bağlı tələbindən imtina etməlidir:
“Guya Nikol Paşinyanın konstitusion çoxluğu yoxdur və sair. Bilirsiniz, son 5-6 ildə bizə çoxlu məsləhətlər verirlər. Həmin məsləhətlərin heç biri tutarlı olmayıb.
Görürük ki, Azərbaycanın həyata keçirdiyi siyasət ən düzgün siyasətdir. Burada söhbət ondan getmir ki, biz öz ölkəmizi tərifləyək. Reallıq bundan ibarətdir ki, Azərbaycanın ətrafında baş verən bütün geosiyasi hadisələr göstərir: hər bir ölkə öz milli maraqlarını güdür və Azərbaycan da istisna deyil. Bizim milli maraqlarımız isə eyni zamanda bütövlükdə regiona töhfə verir.
Yadımdadır, 2020-ci ildən sonra məqalələr yazılırdı ki, ruslar Qarabağa gəlib və artıq heç kim onları oradan çıxara bilməyəcək. Daha sonra digər saxta məlumatlar yayılırdı ki, Azərbaycan ikinci müharibəyə başlayacaq və sair. Biz həmin məqalələri də görmüşük, müəllifləri də bizə bəllidir. İndi də eyni müəlliflər yenidən bu təbliğata başlayıblar ki, Azərbaycanın Ermənistandan gözləntiləri dəyişməlidir”.
F.Şəfiyev vurğulayıb ki, N.Paşinyan normallaşmanı istəyə bilər, onun partiyası da normallaşmanı istəyə bilər:
“Amma Ermənistanın xarici siyasətini 5 il, 10 il sonra bəlkə də N.Paşinyan müəyyən etməyəcək. Başqa bir şəxs, başqa bir siyasi qüvvə hakimiyyətə gələ bilər. Ona görə də vacibdir ki, Ermənistan xalqı özü referendum vasitəsilə bu sülh prosesinə münasibətini bildirsin”.
