Uşaqlar üçün sonsuz sürüşdürmə məhdudlaşdırılacaq - Rəşad Həsənov

Cəmiyyət Materials 10 İyun 2026 15:41 (UTC +04:00)
Uşaqlar üçün sonsuz sürüşdürmə məhdudlaşdırılacaq - Rəşad Həsənov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Uşaqlar üçün sonsuz sürüşdürmə və hədəfli reklamlar məhdudlaşdırılacaq.

Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov İnzibati Xətalar Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin ötən ilin dekabrında 1100 respondent arasında apardığı sorğunun nəticələri uşaqların sosial media istifadəsi ilə bağlı narahatedici mənzərə ortaya qoyub. Araşdırmaya əsasən, övladı olan ailələrin 64 faizində uşaqlar sosial mediadan istifadə edir, hər beş uşaqdan biri isə gün ərzində 5 saatdan çox vaxtını sosial şəbəkələrdə keçirir. Ən çox istifadə olunan platformalar sırasında YouTube, WhatsApp və TikTok yer alır.

Nazir müavini bildirib ki, sorğu iştirakçısı olan valideynlərin 43 faizi övladlarının sosial media istifadəsinə tam nəzarət edə bilmədiklərini qeyd edib. Araşdırmada sosial şəbəkələrdən istifadənin yaratdığı əsas risklər kimi psixoloji problemlər, asılılıq, vaxt itkisi və görmə qabiliyyətinin zəifləməsi göstərilib.

R.Həsənov qeyd edib ki, qanun layihəsinə əsasən, 16 yaşına qədər uşaqlar üçün yaş təsdiqi olmadan sosial şəbəkələrdə hesab yaradılması mümkün olmayacaq. 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı əsasında nəzarətli istifadə modeli tətbiq ediləcək. Bu halda platformalar valideyn nəzarəti paneli və müvafiq təhlükəsizlik alətlərini təqdim etməyə borclu olacaqlar.

“Layihədə uşaqlarda asılılıq yarada bilən sonsuz sürüşdürmə videoların avtomatik işə düşməsi kimi manipulyativ dizayn üsullarının məhdudlaşdırılması da nəzərdə tutulur. Eyni zamanda, yüksək məxfilik rejimi standart olaraq tətbiq ediləcək, geolokasiya məlumatlarının açıq paylaşımı məhdudlaşdırılacaq və hədəfli reklamların göstərilməsinə icazə verilməyəcək. Zərərli məzmun aşkarlandığı halda sosial media platformaları həmin məzmunu 24 saat ərzində silməyə borclu olacaq. Həmçinin yaşın müəyyənləşdirilməsi məqsədilə toplanan məlumatların saxlanılması və ya kommersiya məqsədilə istifadəsi qadağan ediləcək.

Qanun layihəsi hazırlanarkən Avstraliya, Fransa və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələrin təcrübəsi öyrənilib. Onun sözlərinə görə, xüsusilə Avstraliya nümunəsində ortaya çıxan çətinliklər, yeniyetmələrin məhdudiyyətləri müxtəlif yollarla aşmağa çalışması və platformaların yeni tələblərə tam hazır olmaması kimi məsələlər nəzərə alınıb. Bu səbəbdən Azərbaycanda keçid dövrünün və tətbiq mexanizmlərinin daha diqqətlə hazırlanması planlaşdırılır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti