Sülh gündəliyinin hazırkı mərhələyə çatması Azərbaycanın xidmətidir - Millət vəkili

Siyasət Materials 11 İyun 2026 11:37 (UTC +04:00)
Sülh gündəliyinin hazırkı mərhələyə çatması Azərbaycanın xidmətidir - Millət vəkili
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda keçirilmiş seçkilər hazırda siyasi gündəlikdə münasibət bildirilməli əsas məsələlər sırasındadır. Prinsip etibarilə seçkilər keçirildi və sülh gündəliyinə dəyişiklik edəcək hər hansı ciddi proses və ya inkişaf baş vermədi. Bundan sonra atılmalı olan addımlar isə artıq məlumdur.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Qaya Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) tərəfindən keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda konfransda deyib.

Millət vəkili xüsusilə vurğulayıb ki, Azərbaycanın sülh gündəliyini məhz Azərbaycan özü müəyyən edib. Bu gündəliyin formalaşması və hazırkı mərhələyə gəlib çatması Azərbaycanın xidmətləridir.

Deputat bildirib ki, Azərbaycan güclü tərəf olmasına baxmayaraq heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib:

“İndi Ermənistan hökuməti Azərbaycana qarşı ərazi iddialarının artıq qüvvədə olmadığını bildirir. Amma daha yaxşı olar ki, bu iddiaların müəllifi olan Ermənistan cəmiyyəti özü növbəti referendum vasitəsilə həmin iddiaları aradan qaldırsın. Bu, həm siyasi, həm də hüquqi zərurətdir”.

Q.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan hökumətinin sülhün əldə olunması ilə bağlı səyləri təqdir olunmalıdır:

“Həm siyasi-diplomatik çərçivədə, həm də sülh sazişinin imzalanmasını gözləmədən, mümkün olan sahələrdə praktik əməkdaşlıq imkanlarının yaradılması istiqamətində addımlar atılıb”.

Parlamentari xatırladıb ki, Ermənistanın birbaşa ticarətinə şərait yaradılıb:

“Üstəlik, söhbət elə məhsullardan gedir ki, Ermənistanın onları başqa mənbələrdən əldə etməsində müəyyən çətinliklər yarana bilər. Həmçinin bəzi tranzit imkanları yaradılıb. Azərbaycan hökuməti bununla göstərib ki, təkcə siyasi bəyanatlar səviyyəsində deyil, praktik müstəvidə də sülhə hazırdır və genişmiqyaslı sülhün necə görünə biləcəyi barədə real təsəvvür formalaşdırmağa çalışır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti