Bakı. Trend:
Honkonqda ötən il təxminən 170 nəfərin ölümünə səbəb olan böyük yanğınla əlaqədar yeddi fiziki və iki hüquqi şəxsə qarşı ittiham irəli sürülüb.
Xarici media yazır ki, təqsirləndirilənlər arasında binada təmir işləri aparan tikinti şirkətinin rəhbərliyi də var.
Onlar yanğınla birbaşa əlaqəsi olmayan çirkli pulların yuyulması və vergidən yayınma da daxil olmaqla ümumilikdə 25 maddə ilə ittiham olunurlar.
Növbəti məhkəmə iclası sentyabr ayında keçiriləcək.
26 noyabr 2025-ci ildə Honkonqda yaşayış kompleksində yanğın baş verib. Əvvəlcə binalardan birinin xarici hissəsində yerləşən bambukdan hazırlanmış iskələ və tikinti torları alovlanıb. Yanğın tez bir zamanda yayılıb və tezliklə digər binaları da bürüyüb.
Ölənlərin sayı 168 nəfər olub. Kompleksdə təxminən 2000 mənzil olub və orada çoxlu sayda yaşlı insan da daxil olmaqla təxminən 4800 sakin yaşayıb. Kompleks 1980-ci illərdə inşa edilib.
