Bakı. Trend:
Vahid "compliance" (uyğunluq - qanunvericiliyə və qaydalara uyğun fəaliyyət) ekosistemi regionun maliyyə sabitliyi üçün zəruridir.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Monitorinqi Siyasəti və Tənzimləmə Departamentinin direktoru Zaur Hacılı Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbirin ikinci günündə deyib.
O bildirib ki, müasir dövrdə nəzarət və tənzimləyici orqanların
təcrid olunmuş şəkildə fəaliyyət göstərməsi artıq mümkün deyil və
ənənəvi “sərt nəzarətçi” modelinin vaxtı geridə qalıb. Onun
sözlərinə görə, xüsusilə fintex texnologiyaları, virtual aktivlər
və süni intellektin sürətli inkişafı tənzimləyici yanaşmanın da
dəyişməsini zəruri edir.
Z. Hacılı qeyd edib ki, Mərkəzi Asiya və Xəzər hövzəsi ölkələri
daxil olmaqla makroregional miqyasda uyğunluq (compliance)
yanaşmalarında fərqlər mövcuddur:
"Bu fərqlər həm normativ bazada, həm də tətbiq mexanizmlərində özünü göstərir və nəticədə tənzimləyici arbitraj, eləcə də “boz zonalar” formalaşır. Bu isə beynəlxalq investorlar və birinci dərəcəli müxbir banklar üçün ölkə riskini artırır".
Onun sözlərinə görə, investorlar artıq ayrı-ayrı ölkələri deyil, bütövlükdə regionu qiymətləndirirlər və maliyyə dayanıqlılığına regional miqyasda baxırlar:
"Buna görə də vahid "compliance" ekosisteminin formalaşdırılması vacibdir. Bu ekosistem beynəlxalq standartların, korporativ və compliance mədəniyyətinin, yüksək texnoloji həllərin və ölkələrarası sinxronlaşdırılmış qaydaların tətbiq olunduğu adaptiv bir mühit kimi çıxış etməlidir".
Departament direktoru vurğulayıb ki, müasir "compliance" qaydaları artıq yük kimi deyil, əksinə rəqabət üstünlüyü yaradan amil kimi qəbul olunmalıdır:
"Bu yanaşma dörd əsas sütuna əsaslanır ki, bunlardan birincisi beynəlxalq standartlar, xüsusilə çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə FATF (Financial Action Task Force) tövsiyələri və risk əsaslı yanaşmadır".
O bildirib ki, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi sistemin tərkib hissəsi olduğu üçün ölkə qanunvericiliyində Avropa İttifaqının bir sıra direktivlərinin elementləri də nəzərə alınır və tətbiq edilir. Onun sözlərinə görə, mövcud geosiyasi mühitin mürəkkəbliyi və beynəlxalq sanksiya rejimləri fonunda nəzarət və tənzimləyici orqanların yanaşması daha da qəti və prinsipial olmalıdır: "Maliyyə sistemi qlobal maliyyə sisteminin bütövlüyünə uyğun olmalı, sistemli risklərdən isə uzaq tutulmalıdır. Müəyyən edilən qayda və tələblər məhdudiyyət deyil, əksinə şəffaf oyun qaydalarıdır və bu da iri investorlar və tərəfdaşlar üçün üstünlük yaradır".
O əlavə edib ki, ikinci əsas sütun tənzimləyici rəqəmsal həllərdir:
"Regionda nəzarət və tənzimləyici orqanların unikal təcrübəsi formalaşıb, böyük həcmdə məlumatlar toplanır və bu məlumatların əl ilə təhlili artıq mümkün deyil. Bu səbəbdən SupTech texnologiyalarının tətbiqi genişləndirilir".
Onun sözlərinə görə, müasir innovasiyaların məqsədi onların məhdudlaşdırılması deyil, təhlükəsiz şəkildə inkişafının təmin edilməsidir. Bu çərçivədə xüsusilə kibertəhlükəsizlik, çirkli pulların yuyulmasına qarşı mübarizə, eləcə də istehlakçı və investor hüquqlarının qorunması prioritet təşkil edir.
Departament direktoru qeyd edib ki, yeni tənzimləmə yanaşması çərçivəsində xüsusi rejimlərdən istifadə olunaraq innovativ texnologiyalar sınaqdan keçirilir və bu da ölkədə texnologiyaların tətbiqi üçün əlverişli mühit yaradır.
Z. Hacılı əlavə edib ki, üçüncü və ən vacib sütun compliance (komplayens) mədəniyyətidir və bu, korporativ etikanın əsas tərkib hissəsini təşkil edir.
