Kitabxana sahəsində təhlillər sistemləşdirilib - Nazir

Cəmiyyət Materials 10 İyun 2026 11:17 (UTC +04:00)
Kitabxana sahəsində təhlillər sistemləşdirilib - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kitabxana sisteminin optimallaşdırılması Mədəniyyət Nazirliyinin fəaliyyətində ən vacib istiqamətlərdən biridir və xüsusilə də cəmiyyətimiz üçün kifayət qədər maraqlı və əhəmiyyətli mövzudur.

Trend xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə deyib.

Nazir bildirib ki, dövlətin mədəniyyət siyasətinin reallaşdırılmasında əsas istiqamətlərdən biri məhz kitabxana sahəsində fəaliyyətin təmin edilməsidir:

“Dövlətin bu sahədə siyasəti ondan ibarətdir ki, kitabxanalar cəmiyyət üçün faydalı sosial-təhsil institutu olmaqla, onların səmərəliliyi, məzmun zənginliyi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində daim dinamik inkişaf etməlidir”.

A.Kərimli vurğulayıb ki, Mədəniyyət Nazirliyinin üzərinə bu istiqamətdə müvafiq tapşırıqlar qoyulub və fəaliyyət də həmin tapşırıqların icrasına yönəlib:

“Təbii ki, ilk gündən kitabxana sahəsində fəaliyyətin təkmilləşdirilməsi, onun müasir dünya standartlarına uyğunlaşdırılması və cəmiyyətin hər bir üzvü üçün əlçatan olması əsas məqsədlərimizdən biri olub.

Bu məsələyə başlayarkən bir sıra suallar ortaya çıxdı: Biz kitabxana sistemini müasir dövrün tələblərinə necə uyğunlaşdıra bilərik? Sistemin özündə hansı boşluqlar mövcuddur? Bu gün kitabxanalar cəmiyyətin məlumat və bilik əldə etmək hüququnun təmin olunmasında öz funksiyalarını tam şəkildə yerinə yetirə bilirlərmi?”

Nazir əlavə edib ki, bu və digər sualların cavablandırılması üçün geniş araşdırmalara başlanılıb:

“İlk monitorinq apardığımız sahələrdən biri ölkə ərazisində fəaliyyət göstərən və Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxana strukturlarının və kitabxana müəssisələrinin kompleks şəkildə qiymətləndirilməsi olub.

Monitorinq həm infrastrukturu, həm kadr potensialını, həm də kitabxana fondlarını, yəni məzmun fəaliyyətini əhatə edib. Üç il ərzində kifayət qədər geniş həcmdə məlumat toplanıb. Hesab edirik ki, bu məlumatların toplanması və təhlili xüsusi həssaslıq tələb edir. Çünki kitabxana sahəsi bütövlükdə milli bilik mənbəyi kimi çıxış edən əsas təsisatlardan biridir. Burada aparılacaq islahatların nəticəyönümlü və səmərəli olması üçün ciddi təhlilə ehtiyac var.

Bu təhlillər artıq sistemləşdirilib və düşünürük ki, kifayət qədər məlumat bazası formalaşıb. Komandamızın və bu sahənin peşəkar mütəxəssislərinin iştirakı ilə həmin məlumatlar ətraflı təhlil olunub.

Təhlillərin nəticələri göstərir ki, dövlət başçısının Mədəniyyət Nazirliyi qarşısında qoyduğu əsas vəzifələrdən biri məhz bu sahədə fəaliyyətin təkmilləşdirilməsidir. Məqsəd kitabxana sistemini müasir tələblərə uyğunlaşdırmaq, onun fəaliyyətini daha səmərəli, dayanıqlı və yüksək keyfiyyət göstəricilərinə əsaslanan formada təşkil etməkdir.

Bu istiqamətdə hansı işlərin görülməli olduğu, hansı yeni yanaşmaların tətbiq edilməsinin vacibliyi barədə artıq konseptual baxışımız formalaşıb".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti