Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer yeniyetmələr və 16 yaşdan aşağı uşaqlar üçün bir sıra sosial şəbəkələrin istifadəsinə qadağa tətbiq etməyə hazırlaşır.
Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi aidiyyəti rəsmilərə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, hökumətin valideynlərlə keçirdiyi müşavirə başa çatdıqdan sonra Starmer bu məsələ ilə bağlı mövqeyini daha da sərtləşdirib. Texnologiya məsələləri üzrə nazir Liz Kendall bildirib ki, sorğuda iştirak edənlərin hər 10 nəfərindən 9-u bu cür məhdudiyyətlərin tətbiqini dəstəkləyib.
Hazırda Böyük Britaniya hökuməti tənzimləmənin iki variantını nəzərdən keçirir. Birinci variant 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinin tam qadağan edilməsini nəzərdə tutur. İkinci variant isə sosial şəbəkələrin və mobil tətbiqlərin əsas funksiyalarına çıxış üçün yaş məhdudiyyətlərinin tətbiqini ehtiva edir.
