BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə zorakılığın yenidən artmasından dərin narahatlıq keçirdiyini bildirib və İsraili Qəzzaya keçidləri yenidən açmağa çağırıb.
Trend xəbər verir ki, BMT-nin Baş katibi bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib
O, bildirib ki, bütün hücumlar dərhal dayandırılmalıdır: "Livan, İran və Qəzzada atəşkəs rejiminə tam əməl edilməlidir".
Quterreş həmçinin bildirib ki, İsrail humanitar yardım üçün Qəzzada bağladığı keçidləri açmalıdır.
O, qeyd edib ki, İsrailin Qəzzaya keçidləri bağlamaq qərarı onu dərindən narahat edir və Qəzza boyunca humanitar yardımın sürətli, təhlükəsiz və maneəsiz keçidini təmin etmək üçün bütün keçidlərin dərhal açılması çağırışını təkrarlayır.
ABŞ-ın vasitəçiliyi ilə 2025-ci ilin oktyabr ayından bəri İsrail və HƏMAS arasında yardım zəmanətlərini özündə ehtiva edən atəşkəs qüvvədədir.
İsrail və HƏMAS dəfələrlə bir-birini atəşkəsi pozmaqda ittiham ediblər. Səhiyyə rəsmiləri bildirib ki, atəşkəsdən bəri İsrailin hücumları 950-dən çox insanın ölümünə səbəb olub, İsrail isə eyni dövrdə yaraqlılar tərəfindən dörd əsgərin öldürüldüyünü bildirir.
