Bakı. Trend:
Kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə dövlət tərəfindən ayrılan resurslardan səmərəli istifadə olunur. Dövlət hər il nəşrlərin satın alınmasına 600 min manatadək vəsait ayırır.
Trend xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə deyib.
Nazir bildirib ki, son üç il ərzində nəşrlərin satın alınması üzrə xüsusi komissiya fəaliyyət göstərir:
“Məbləğ illər üzrə dəyişə bilər, çünki alınacaq kitablar müvafiq komissiyanın qiymətləndirməsindən keçməlidir”.
Onun sözlərinə görə, bu gün artıq istənilən nəşr olunmuş kitab avtomatik olaraq kitabxana fondlarına daxil edilmir:
“Bu, vacib yanaşmadır. Çünki aparılan monitorinqlər nəticəsində məlum olub ki, son illərdə fondlara daxil edilmiş bəzi nəşrlərin cəmiyyət üçün faydalılığı və dəyəri ilə bağlı suallar yaranır. Buna görə də kitab fondlarının keyfiyyətinin artırılması, xüsusilə elmi və elmi-kütləvi nəşrlərin sayının çoxaldılması əsas prioritetlərdəndir”.
A.Kərimli vurğulayıb ki, satınalma komissiyası qarşısında əsas vəzifə kimi elmi və elmi-kütləvi ədəbiyyatın alınmasına üstünlük verilməsi müəyyənləşdirilib.
“Eyni zamanda nəşriyyatlar və müəlliflər də stimullaşdırılır ki, elmi kitabların hazırlanmasına və nəşrinə daha çox diqqət ayırsınlar.
Bu istiqamətdə akademik qurumlarla, ali təhsil müəssisələri ilə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq daha da gücləndirilməlidir. Çünki elmi ədəbiyyat sahəsində ciddi çatışmazlıqlar mövcuddur və onların aradan qaldırılması ümumi məsuliyyət tələb edir”, - deyə o qeyd edib.
