Bakı. Trend:
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvəndin son açıqlamaları təkcə Azərbaycan-İran münasibətləri kontekstində deyil, bütövlükdə regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda da diqqətlə qiymətləndirilməlidir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli deyib.
"Azərbaycan uzun illər ərzində bütün qonşuları ilə qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlər qurmağa çalışıb. Xüsusilə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdığı bir dövrdə dövlətlərin suverenliyinə hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri regional siyasətin əsas prioritetlərinə çevrilməlidir. Bu baxımdan hər hansı siyasi fiqurun populist və aqressiv ritorikaya üstünlük verməsi həm öz ölkəsinin maraqlarına, həm də regionun təhlükəsizlik mühitinə mənfi təsir göstərir.
Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, İran daxilində müxtəlif siyasi qruplar arasında fikir ayrılıqlarının dərinləşdiyi, xarici siyasət və milli təhlükəsizlik məsələlərinin ciddi müzakirə predmetinə çevrildiyi bir vaxtda bəzi siyasətçilər daxili auditoriyaya hesablanmış sərt bəyanatlarla gündəmdə qalmağa çalışırlar. Belə hallarda xarici ölkələrə qarşı yönələn ittiham və təhdidlər əslində daxili siyasi problemlərin kölgəsində formalaşan populist davranış nümunəsi kimi qiymətləndirilə bilər", - deyə deputat bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan cəmiyyəti isə öz dövlətinin suverenliyi, təhlükəsizliyi və milli maraqları ilə bağlı məsələlərdə son dərəcə həssasdır.
"Məhz buna görə də ölkəmizə qarşı yönələn hər hansı təhdid və ya təhqiramiz bəyanat ictimai rəydə haqlı narazılıq doğurur. Bu baxımdan rəsmi Tehranın belə çıxışlara münasibət bildirməsi, Azərbaycan-İran münasibətlərinə xələl gətirə biləcək təxribatçı ritorikadan uzaq durulması üçün zəruri addımlar atması iki ölkə arasındakı münasibətlərin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
İran və Azərbaycan ortaq tarixə, dini-mədəni bağlara və geniş əməkdaşlıq potensialına malik iki qonşu dövlətdir. Məhz buna görə də münasibətlərin gələcəyi emosional və təhdid xarakterli bəyanatlarla deyil, qarşılıqlı hörmətə, siyasi məsuliyyətə və regional sabitlik maraqlarına söykənən yanaşmalarla müəyyən edilməlidir.
Bu baxımdan, Əbülfəzl Zöhrəvəndin Azərbaycan dövlətinə və
xalqına qarşı davamlı olaraq, təhdid xarakterli iddia və
mülahizələrlə çıxış etməsi heç bir halda qəbul edilə bilməz və
görünür “Bakının bir neçə saat ərzində Yer üzündən silinəcəyi”
hədəsi ilə çıxış edən bu şər və böhtan dağarcığının layiq olduğu
üsullarla ağzını yummaq və ya silmək lazım gələcək.
Ola bilsin ki, 12 günlük müharibə dövründə parlamentində təmsil
olunduğu ölkənin ictimai rəyində hakimiyyətə qarşı etimadsızlığı
təşviq edən iddialarına görə, 3 aylıq həbs cəzasına məhkum edilən
Zöhrəvənd bu qəbildən olan gurultulu bəyanatlarla geridə buraxdığı
xəyanətə bərabər səhvlərini unutdurmağa çalışır", - deyə o
bildirib.
Onun sözlərinə görə, fəaliyyəti təmsil etdiyi komitənin təyinatı ilə daban-dabana zidd olan Zöhrəvəndin təxribatçı missiyası, əslində İranın qonşu ölkələrlə, ilk növbədə Azərbaycanla münasibətlərinin gərginləşdirilməsinə xidmət edir.
"Yəni Əbülfəzl Zöhəvənd İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü hər şeydən öncə öz ölkəsinin milli təhlükəsizliyinə və həssa bir mərhələdən keçən xarici siyasətinə zərbə vurur.
Təbii ki, hələ diplomat kimi çalışdığı dövrdə yüzminlərlə müsəlman azərbaycanlını öz doğma yurd yerlərindən didərgin salan, İslam abidələrini təhqir edən, məscidləri donuz tövləsinə çevirən Ermənistanı və erməniləri ölkəsinin müttəfiqi adlandıran, Azərbaycana qarşı isə başından böyük iddialarla çıxış edən bu siyasi təpəgözdən aqressiv ritorikadan, bəsit siyasi boşboğazlıqdan başqa heç nə gözləmək mümkün deyil. Məsələnin bu tərəfi aydındır. Aydın olmayan isə Zöhrənin oğlunun Azərbaycana qarşı təhdidlərinə rəsmi Tehranın susqunluq nümayiş etdirməsidir. Bu o deməkdir ki, ya İranda ağzının açarını tez-tez itirən Zöhrəvəndin üslubuna uyğun desək, tamamilə başıpozuqluqdur, ya da bu əxlaqı qısır sürün(g)ənə davamlı zəhər verənlər var.
Səbəbi nə olursa-olsun, İran hakimiyyəti Zöhrəvəndin Azərbaycana yönəlik təxribatçı açıqlamalarının qarşısını almalı, onun təhdidlərinin Azərbaycanın ictimai rəyində qəzəb və etiraz doğurduğunu, bütün bunların qarşılıqlı münasibətlərdə heç vaxt bərpa olunmayacaq çat yarada biləcəyini anlamalıdır", - deyə o əlavə edib.
