Bakı. Trend:
ABB yaxın gələcəkdə elektron ticarət imkanlarını genişləndirməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu ABB Bankın Ofis rəhbəri Mehmet Ali Savaş Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.
Onun sözlərinə görə, ABB 2024-cü ilin sonundan etibarən süni intellekt texnologiyalarını ilk olaraq müştəri dəstəyi sahəsində tətbiq etməyə başlayıb və qısa müddətdə ciddi nəticələr əldə olunub.
“Hazırda sualla müraciət edən müştərilərin təxminən 70 faizinə cavab birbaşa süni intellekt vasitəsilə verilir. Bu prosesdə müştəri xidmətləri əməkdaşlarının əlavə müdaxiləsinə ehtiyac qalmır və müraciətlər uğurla cavablandırılır”, – deyə o bildirib.
Mehmet Ali Savaş qeyd edib ki, ABB artıq maliyyə əməliyyatlarının da süni intellekt vasitəsilə həyata keçirilməsi istiqamətində mühüm mərhələyə çatıb:
“Dünyadakı nümunələrə baxdığımız zaman bu sahədə ABB-yə rəqib ola biləcək bankların çox az olduğunu düşünürəm. Bu, Azərbaycanın qürur duymalı olduğu bir nailiyyətdir”.
O vurğulayıb ki, sistem tamamilə lokal infrastruktur üzərində qurulub və məlumatların ölkə xaricinə ötürülməsinə yol verilmir:
“Azərbaycanda yerləşən GPU infrastrukturu vasitəsilə daxil olan sorğular emal edilir, müştərinin nə etmək istədiyi müəyyənləşdirilir və ona uyğun cavab təqdim olunur”.
ABB rəsmisi bildirib ki, bankın əsas məqsədi yalnız maliyyə xidmətləri göstərmək deyil, müştərilərin gündəlik həyat təcrübəsini dəyişməkdir.
Bu çərçivədə ABB tərəfindən yeni “DigiTravel” layihəsinə start verildiyi qeyd olunub. Layihə çərçivəsində artıq 300-dən çox bilet satılıb və istifadəçilər ABB Mobile tətbiqi vasitəsilə birbaşa aviabilet ala bilirlər.
Bundan başqa, yaxın zamanda tədbirlər və əyləncə sektorunu əhatə edən yeni platformanın istifadəyə veriləcəyi açıqlanıb. Platforma vasitəsilə istifadəçilər həftəsonu planları qura, konsert və digər tədbirlərə biletlər əldə edə biləcəklər.
“Biz bütün bu ayrı-ayrı xidmətləri süni intellekt vasitəsilə vahid ekosistemdə birləşdirmək istəyirik. Məqsəd müştəriyə səyahət, hotel, tədbir bileti və hətta kreditləşdirmə imkanlarını bir platformada təqdim etməkdir”, – deyə Mehmet Ali Savaş əlavə edib.
O həmçinin bildirib ki, ABB yaxın gələcəkdə elektron ticarət imkanlarını da genişləndirməyi planlaşdırır. Bank növbəti rübün sonuna qədər ABB Mobile tətbiqində yalnız aviabilet və tədbir biletlərinin deyil, müxtəlif məhsulların, o cümlədən smartfon və məişət texnikasının da satışını həyata keçirməyi hədəfləyir.
“Süni intellekt istifadəçilərə doğru məhsulu seçməkdə də kömək edəcək”, – deyə ABB nümayəndəsi vurğulayıb.
