Bakı. Trend:
Azərbaycanda milli səviyyədə mərkəzləşdirilmiş anti-frod ekosisteminin yaradılması istiqamətində işlər aparılır.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cüvarov Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbirin ikinci günündə deyib.
Onun sözlərinə görə, əsas məqsəd ölkə səviyyəsində mərkəzləşdirilmiş anti-frod ekosisteminin formalaşdırılmasıdır.
“Bu məsələni ötən il də qeyd etmişdik. Hazırda həmin strategiyanın tətbiqi ilə bağlı müzakirələr aparılır. Planlaşdırılır ki, mərkəzləşdirilmiş sistem formalaşdırılsın və paralel olaraq maliyyə təşkilatlarının daxili sistemləri təkmilləşdirilsin. Məqsəd məlumat mübadiləsinin təmin olunması, mərkəzləşdirilmiş sistemlə inteqrasiyanın qurulması və vahid anti-frod ekosisteminin yaradılmasıdır”, - deyə o bildirib.
Elvin Cüvarov qeyd edib ki, anti-frod sahəsində vahid tələb və nəzarət mexanizmlərinin hazırlanması prosesi artıq davam edir.
“Planlaşdırılır ki, ilin sonuna qədər bu mexanizmlər bazara təqdim olunsun. Hazırda hazırlıq işləri aparılır. Bazara ilkin mərhələdə müəyyən nəzarət mexanizmləri və tövsiyələr təqdim ediləcək, yekunda isə vahid tələblərin formalaşdırılması nəzərdə tutulur”, - deyə o əlavə edib.
AMB rəsmisi bildirib ki, sektor üzrə məlumat mübadiləsinin gücləndirilməsi istiqamətində də işlər aparılır.
“Bu məqsədlə işçi qrup yaradılıb. Hazırda məlumat mübadiləsinin texnoloji baxımdan daha da təkmilləşdirilməsi və prosesin qismən avtomatlaşdırılması istiqamətində işlər davam etdirilir”, - deyə o vurğulayıb.
E.Cüvarov maarifləndirmə tədbirlərinin də prioritet istiqamətlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən müxtəlif universitetlərdə və təhsil müəssisələrində tələbələr üçün mütəmadi təlimlər təşkil olunur.
“Təlimlər çərçivəsində frod növləri, fırıldaqçılıqla mübarizə üsulları və maarifləndirmə mexanizmləri barədə məlumat verilir”, - deyə o qeyd edib.
