Bakı. Trend:
Mərkəzi Asiyada etimad və rəqəmsal transformasiya strateji inkişafın əsasına çevrilir.
Trend xəbər verir ki, bunu Qazaxıstanın Uyğunluq və Biznes Etikası Assosiasiyasının Nəzarət Şurasının sədri Dauren Akşalov Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbirin ikinci günündə deyib.
D.Akşalov bildirib ki, komplayens (uyğunluq) artıq strateji amilə çevrilib, çünki beynəlxalq investorlar maliyyə göstəriciləri ilə yanaşı şirkətlərdə komplayens sisteminin mövcudluğuna da xüsusi diqqət yetirirlər. Onun sözlərinə görə, Qazaxıstanda komplayens modeli təkcə maliyyə təşkilatlarında deyil, həm də kvazi-dövlət sektorunda geniş tətbiq olunub.
Sədr qeyd edib ki, ölkədə korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyə komplayens institutunun daxil edilməsi və milli şirkətlərdə müstəqil komplayens bölmələrinin yaradılması bu sahədə mühüm addımlardandır. Eyni zamanda antiinhisar komplayens tələblərinin də qanunvericilikdə təsbit edildiyi vurğulanıb.
Akşalovun sözlərinə görə, regionda əsas problemlərdən biri komplayensin bir çox hallarda formal xarakter daşımasıdır. O bildirib ki, komplayensin kağız üzərində mövcud olması kifayət etmir və onun real icrası üçün rəhbərliyin birbaşa öhdəliyi – “yuxarıdan verilən ton” (tone at the top) həlledici rol oynayır:
"Etimad regionda yeni kapital formasına çevrilir və komplayens həmin etimadın yaradılması və qorunması üçün əsas vasitədir. Bütün Mərkəzi Asiya ölkələri BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasının iştirakçısıdır, eyni zamanda Avrasiya Qrupu (EAG) çərçivəsində çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qarşılıqlı qiymətləndirmələrdən keçirlər".
O qeyd edib ki, region FATF standartlarına uyğunlaşma istiqamətində mühüm irəliləyişlər əldə edib və bu sahədə müsbət qiymətləndirmələr alır.
O, çıxışında həmçinin rəqəmsal aktivlər və kriptosənayenin
sürətli inkişafına toxunub. Bildirib ki, Qazaxıstanda “Astana”
Beynəlxalq Maliyyə Mərkəzində "Astana International Financial
Centre" çərçivəsində kriptobirjalar və pilot layihələr inkişaf
etdirilir, AML/CFT və komplayens qaydalarına rəqəmsal aktivlərlə
bağlı yeni tələblər daxil edilir.
Akşalov əlavə edib ki, elektron pulların tətbiqi və dövlət
vəsaitlərinin rəqəmsal izlənməsi artıq bir çox ölkələrdə həyata
keçirilir və bu, şəffaflığın artırılması və sui-istifadə hallarının
qarşısının alınması baxımından mühüm addımdır.
Onun sözlərinə görə, Özbəkistan da bu istiqamətdə “Astana” modelinə bənzər beynəlxalq maliyyə mərkəzi inkişaf etdirir və burada fəaliyyətlər İngiltərə hüquq sistemi əsasında tənzimlənəcək.
Eyni zamanda, Qırğızıstanda korrupsiyaya qarşı mübarizə üzrə yeni qanunun qəbul edildiyi və regionda islahatların davam etdiyi diqqətə çatdırılıb.
