Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

İqtisadiyyat Materials 9 İyun 2026 12:29 (UTC +04:00)
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat dövründə müdafiə və təhlükəsizlik, əhalinin sosial müdafiəsi, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası üzrə xərclərin maliyyələşdirilməsi prioritet istiqamətlər kimi saxlanılıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov komitənin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, 2025-ci ildə dövlət büdcəsinin icrası makroiqtisadi sabitlik şəraitində həyata keçirilib. Hesabat ilində iqtisadi artım 1,4 faiz, orta illik inflyasiya 5,6 faiz təşkil edib. Cari hesablar üzrə tədiyyə balansında 3,5 milyard ABŞ dolları həcmində müsbət saldo qeydə alınıb. Strateji valyuta ehtiyatları isə 85,1 milyard ABŞ dollarına çatıb.

Deputat vurğulayıb ki, hesabatın təhlili dövlət büdcəsinin gəlirlərinin proqnoz göstəricilərini üstələdiyini göstərir. Belə ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat olmaqla proqnozdan 829 milyon manat və ya 2,2 faiz çox icra edilib.

Dövlət büdcəsinin xərcləri üzrə təsdiq edilmiş göstərici 41,4 milyard manat olsa da, icra səviyyəsi proqnozun 93,2 faizi həcmində olmaqla 38,6 milyard manat təşkil edib. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat məbləğində təsdiqlənsə də, faktiki olaraq 580 milyon manat həcmində büdcə artıqlığı yaranıb.

A.Əmiraslanovun fikrincə, Milli Məclisdə 2025-ci ilin büdcə zərfi ölkənin iqtisadi inkişafına, əhalinin sosial rifahına və milli maraqlara xidmət edən maliyyə sənədi kimi qiymətləndirilib. Ötən ilin yekunları göstərir ki, büdcənin icrası həmin meyarlara tam cavab verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti