Bakı. Trend:
Ani ödənişlər sistemində (AÖS) NFC (Near Field Communication - Yaxın Sahə Rabitəsi) texnologiyasının tətbiqi və tokenizasiya gündəmdədir.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktor müavini Ramil Mahmudov Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı deyib.
R. Mahmudov qeyd edib ki, NFC texnologiyasının tətbiqindən, xüsusilə "Apple Pay" və analoji həllərin aktivləşməsindən sonra QR texnologiyası vasitəsilə "P2P" (şəxsdən şəxsə) köçürmələr artıq müəyyən dərəcədə vaxt itkisi kimi görünür. Onun sözlərinə görə, beynəlxalq təcrübədə ani ödənişlər sisteminə NFC, "Bluetooth" və ya token həllərinin inteqrasiyası mövcud olsa da, smartfon istehsalçılarının tətbiq etdiyi müəyyən məhdudiyyətlərə görə bu yanaşma hələ ki qlobal xarakter daşımır.
Buna baxmayaraq, AMB rəsmisi bu məsələnin qurumun fəaliyyət planında (scope) yer aldığını vurğulayıb:
"Mərkəzi Bank rəhbərliyinin qarşımıza qoyduğu əsas hədəflərdən biri məhz ödənişlərin rahatlığının təmin olunmasıdır. Məqsədimiz odur ki, bu gün "Apple Pay" vasitəsilə rahatlıqla ödəniş edən istifadəçilər eyni addımları ataraq analoji əməliyyatları ani ödənişlər sistemi üzərindən də həyata keçirə bilsinlər. Bu istiqamətdə daxili UX/UI komandamız da fəaliyyət göstərir".
Hazırda əsas diqqətin infrastrukturun qurulmasına yönəldiyini bildirən departament rəsmisi əlavə edib ki, bazarda müəyyən bir nüfuzetmə (penetration) səviyyəsinə nail olunduqdan sonra, həm Banklararası Kart Mərkəzi (BKM), həm də ani ödənişlər sistemi üzərindən NFC texnologiyasının tətbiqi və əməliyyatların tokenizasiyası məsələsi reallaşdırılacaq.
