Bakı.Trend:
Böyük Britaniyanın təhlükəsizlik xidmətinin əməkdaşları hökumət binasında gizli kamera aşkar ediblər.
Trend xəbər verir ki, bu barədə “The i Paper” nəşri məlumat yayıb.
“Londonun mərkəzindəki Viktoriya rayonunda yerləşən Marşam-stritdəki binada çalışan təhlükəsizlik əməkdaşları (həmin binada Daxili İşlər Nazirliyi və Mənzil Tikintisi, İcmalar və Yerli Özünüidarəetmə Nazirliyinin (MHCLG) yerləşdiyi geniş ofis kompleksi fəaliyyət göstərir) tavan panelində gizlədilmiş kamera aşkar ediblər”, - deyə materialda bildirilir.
Elektron cihaz nazirlərin kabinetlərində və ya onların yaxınlığında deyil, bir neçə dövlət qulluqçusunun istifadə etdiyi ümumi sahədə aşkarlanıb. Kameranın ora necə yerləşdirildiyi və nə qədər müddət ərzində orada qaldığı hələlik məlum deyil.
Son aylarda Marşam-stritdəki binada qəbul edilmiş ən rezonanslı qərarlardan biri Çinin Londonun mərkəzində nəhəng yeni səfirlik kompleksi tikmək planlarının təsdiqlənməsi olub. Bu qərar, əleyhdarların həmin məkanın casusluq fəaliyyəti üçün baza kimi istifadə oluna biləcəyi və təhlükəsizlik üçün risk yaratdığı barədə xəbərdarlıqlarına baxmayaraq qəbul edilib.
