PCI-DSS tələblərinin milli qanunvericiliyə uyğunlaşdırılması zəruridir - Tamerlan Rüstəmov

İqtisadiyyat Materials 10 İyun 2026 10:58 (UTC +04:00)
PCI-DSS tələblərinin milli qanunvericiliyə uyğunlaşdırılması zəruridir - Tamerlan Rüstəmov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

PCI-DSS tələbləri milli qanunvericiliyə uyğunlaşdırılması zəruridir.

Trend xəbər verir ki, bunu "Bank of Baku"nun Ödəniş Sistemləri Departamentinin direktor müavini Tamerlan Rüstəmov Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbirin ikinci günündə deyib.

O bildirib ki, rəqəmsal ödəniş platformalarının inkişafında əsas problemlərdən biri fırıldaqçılıq risklərinin artması və bunun maliyyə xidmətlərinin maya dəyərinə təsir göstərməsidir.

“Ödəniş xidməti təchizatçıları fırıldaqçılığa qarşı ciddi vəsait xərcləyirlər. Bu isə nəticə etibarilə maliyyə xidmətlərinin qiymətinə təsir göstərir. Digər mühüm məsələ isə istifadəçilərin inam və etimadının qorunmasıdır. Maliyyə inklüzivliyinin inkişafı üçün yalnız bank hesablarına çıxışın təmin olunması kifayət deyil, eyni zamanda sistemə etimad da qorunmalıdır”, - deyə direktor müavini vurğulayıb.

T.Rüstəmov qeyd edib ki, Beynəlxalq Hesablaşmalar Bankının müəyyən etdiyi prinsiplərə əsasən, hər bir ölkədə rəqəmsal ödəniş ekosistemi üzrə fırıldaqçılığa qarşı risk idarəetmə çərçivəsi formalaşdırılmalıdır.

Onun sözlərinə görə, əməliyyat riskləri çərçivəsində fırıldaqçılıq riskləri ayrıca qiymətləndirilir və bu istiqamətdə banklar üçün tövsiyələr də hazırlanıb.

“Risk idarəetmə çərçivəsinə həm Mərkəzi Bank, həm banklar, həm də fintex şirkətləri tərəfindən yanaşmaq mümkündür. Son dövrlərdə aktiv müzakirə olunan PCI-DSS standartları da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ödəniş kartı məlumatlarının qorunması ilə bağlı bu tələblərin tətbiqi zamanı ekosistemin düzgün qiymətləndirilməsi və milli qanunvericiliyə uyğunlaşdırılması vacibdir”, - deyə o əlavə edib.

T.Rüstəmov bildirib ki, bəzi hallarda əlavə təhlükəsizlik tələbləri maliyyə institutları üçün əlavə xərc yarada bilər. Buna görə də risklərin qiymətləndirilməsi əsasında uyğun mexanizmlərin müəyyən olunması vacibdir.

O həmçinin limitlərin tətbiqinin fırıldaqçılığa qarşı mübarizədə mühüm alətlərdən biri olduğunu diqqətə çatdırıb.

“Limitlərin tətbiqi yeni yanaşma deyil. Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində uzun illərdir 40 min manat limit tətbiq olunur. Bu yanaşma həm card-to-card əməliyyatlarında, həm də digər köçürmələrdə risklərin azaldılması baxımından mühüm rol oynayır”, - deyə direktor müavini əlavə edib.

Qeyd edək ki, PCI-DSS (Payment Card Industry Data Security Standard) — ödəniş kartı məlumatlarının təhlükəsizliyini təmin etmək üçün hazırlanmış beynəlxalq təhlükəsizlik standartıdır.

Xəbər lenti

Xəbər lenti