Bakı. Trend:
Ölkədə fəaliyyət göstərən kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartların tələblərinə cavab vermir. Problemlər bina, struktur, xidmət sahəsi və digər göstəriciləri əhatə edir.
Trend xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə “Kitabxana sisteminin optimallaşdırılması: təhlillər və islahatlar” adlı təqdimatında deyib.
Nazir müavini bildirib ki, kitabxana sistemində çalışan əməkdaşların yalnız 7,7 faizi ixtisas təhsillidir.
Onun sözlərinə görə, kitabxana fondlarının vəziyyəti ilə bağlı təqdim olunan statistikaya görə, fondun 57,6 faizi kiril qrafikalı nəşrlərdən ibarətdir. Eyni zamanda mövcud fondun cəmi 4 faizi elmi ədəbiyyat, 8 faizi isə uşaq ədəbiyyatı təşkil edir.
Vurğulanıb ki, kitabxanaların yalnız 20 faizində internet təminatı mövcuddur. Bundan əlavə, kitabxanaların 96 faizində avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tətbiq olunmayıb.
Qeyd olunub ki, bu göstəricilər kitabxana sisteminin modernləşdirilməsi, fondların yenilənməsi, peşəkar kadr potensialının gücləndirilməsi və rəqəmsal infrastrukturun inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin görülməsini zəruri edir.
