Sosial platformaların uşaqlara təsiri ilə bağlı həyəcan təbili çalınır - Deputat

Cəmiyyət Materials 9 İyun 2026 10:20 (UTC +04:00)
Sosial platformaların uşaqlara təsiri ilə bağlı həyəcan təbili çalınır - Deputat
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Uşaqların sosial media və platformalarda məruz qaldığı təsirlərlə bağlı artıq bəzi ixtisaslaşmış qurumlar artıq həyəcan təbili çalır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması” mövzusunda ictimai müzakirə çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünyada da bu məsələ ilə bağlı ciddi narahatlıqlar mövcuddur:

"Böyük Britaniya, Çin, Avstraliya, Fransa kimi ölkələrdə bir sıra qadağalar tətbiq olunmağa başlanıb. Avstraliyada bununla bağlı normativ addım da qəbul olunub. Yetkinlik yaşına çatmayanların sosial platformalara girişinin qadağan edilməsi ilə bağlı müxtəlif müzakirələr aparılır. Azərbaycanda da bu istiqamətdə müzakirələr və məsləhətləşmələr həyata keçirilir. Ümumilikdə, ölkəmizin kifayət qədər zəngin qanunvericilik bazası mövcuddur və bu, kibercinayətkarlıqla mübarizə sahəsini də əhatə edir. Gördüyümüz kimi, rəqəmsal texnologiyalar dünyada sürətlə inkişaf edir və bundan istifadə edən halların müsbət tərəfləri ilə yanaşı, müəyyən neqativ təsirlər də formalaşır. Bu, bilavasitə uşaqlara da təsir göstərir.

Müxtəlif onlayn oyunlar və proqramlar vasitəsilə uşaqların psixoloji cəhətdən zərər görməsinə səbəb ola biləcək yanaşmalar mövcuddur. Buna görə də müəyyən məhdudiyyətlərin tətbiqi zərurəti yaranır. İlk növbədə yaşla bağlı məhdudiyyətlər önə çıxır. Milli Məclisin plenar iclasına bu barədə qanun layihəsi tövsiyə olunub. Mövcud yanaşmaya əsasən, Azərbaycanda yaş həddi təxminən 16 yaş civarında nəzərdə tutulur və müəyyən platformalara uşaqların girişinə məhdudiyyətlər tətbiq edilir. Bu, sadə görünsə də, əslində kifayət qədər mürəkkəb prosesdir. Burada bir sıra vacib məqamlar mövcuddur. Uşaqların məlumat əldə etmək hüququ ilə bağlı məsələlər də nəzərə alınmalıdır. Ən önəmli məsələlərdən biri uşaqların rəqəmsal təzyiq və zorakılığa məruz qala biləcəyi platformalarla bağlıdır və bu sahədə provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. Mövcud qanunvericilikdə həmin provayderlər üçün cərimələr və digər məsuliyyət mexanizmləri nəzərdə tutulur. Hazırda müzakirə edilən qanun layihəsi qəbul olunduqdan sonra bir il müddətində qüvvəyə minməsi planlaşdırılır. Bu müddət ərzində geniş müzakirələr aparılacaq və məqsəd uşaqların hüquqlarının daha effektiv şəkildə qorunmasını təmin etməkdir", - o bildirib.

Azər Allahverənovun sözlərinə gröə, dil öyrənmək üçün nəzərdə tutulmuş bəzi platformaların da məzmununda uşaqlar üçün təhlükəli suallar və materiallar yer alır.

O bildirib ki, uşaqlarda yaranan aqressiv davranışların bir hissəsi də məhz bu sosial platformaların təsiri ilə bağlıdır.

"Evdə hamımızın uşaqları var. Onların sosial platformalardan asılılığını açıq şəkildə müşahidə edirik. Kibercinayətkar qruplar isə “Mavi balina” kimi oyunlar vasitəsilə uşaqları öz təsir dairəsinə cəlb etməyə çalışırlar. Bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur. Uşaqlardan kriminal məqsədlər üçün istifadə etməyə çalışan şirkətlər və qruplar da var. Məlumatların oğurlanması, bank hesablarına çıxışın əldə edilməsi, uşaqların telefonları vasitəsilə bank kartlarına müdaxilə kimi hallar müşahidə olunur. Bu hallar artıq kifayət qədər ciddi həddə çatıb.

Həm rəqəmsal savadlılığın artırılmasına, həm də müəyyən məhdudiyyətlərin tətbiqinə ciddi ehtiyac var. Qanunun qüvvəyə minməsindən sonrakı bir il ərzində bu istiqamətdə mübarizə üsullarını daha da gücləndirmək vacibdir.
Bəzi təhsil platformalarında da bu cür hallara rast gəlinir. Məsələn, dil öyrənmək üçün nəzərdə tutulmuş bəzi platformaların məzmununda uşaqlar üçün təhlükəli suallar və materiallar yer alır. Qəribə və yönləndirici suallar vasitəsilə, guya ingilis dili tədris edilir, lakin əxlaqa və ailə dəyərlərinə zidd məzmunlu tapşırıqlar uşaqlara yönləndirilir.

Bu səbəbdən ilk mərhələdə qanunvericilik bazası gücləndirilməli, ikinci mərhələdə icra mexanizmləri təkmilləşdirilməli, daha sonra isə maarifləndirmə məsələləri həll olunmalıdır", - o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti