Bakı.Trend:
"Click to Pay" və passkey texnologiyaları Azərbaycanda rəqəmsal ödənişlərin növbəti inkişaf mərhələsi olacaq.
Trend-in müxbiri xəbər verir ki, bu barədə "Visa"nın Azərbaycandakı regional meneceri və baş direktoru Nurlan Hacıyev Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə danışıb.
Onun sözlərinə görə, EMV standartına əsaslanan "Click to Pay" texnologiyası kart məlumatlarının saxlanılmasını və əməliyyatların “bir toxunuşla” həyata keçirilməsini təmin edir və artıq qlobal trendlərdən birinə çevrilib. Bu tendensiya təkcə ayrı-ayrı ölkələri deyil, bütün dünyanı əhatə edir.
Nurlan Hacıyev qeyd edib ki, Azərbaycanda təxminən 10 bank bu texnologiyanın emissiya mərhələsini uğurla tamamlayıb.
“İnkişafın növbəti mərhələsi "passkey" texnologiyalarının tətbiqi olacaq. Bu texnologiyalar biometrik autentifikasiya vasitəsilə, o cümlədən barmaq izi və üz tanıma vasitəsilə ödənişlərin təsdiqlənməsinə imkan verəcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, elektron ticarətdə tokenləşdirilmiş əməliyyatların istifadəsi artır. Son 12 ay ərzində Azərbaycan kart sahibləri transsərhəd əməliyyatların sayını təxminən 1,5 dəfə, daxili əməliyyatları isə təxminən 2,5 dəfə artırıblar.
