Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) banklara minimum data indikatorları ilə bağlı yeni tövsiyələr hazırlayır.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cüvarov Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbirin ikinci günündə deyib.
Onun sözlərinə görə, anti-frod sahəsində ilkin mərhələdə əsas diqqət normativ tələblərin və nəzarət mexanizmlərinin formalaşdırılmasına yönəldilməlidir. Bununla yanaşı, banklar paralel şəkildə öz daxili anti-frod strukturlarını gücləndirməlidirlər.
“Reallıq ondan ibarətdir ki, bir çox təşkilatlarda, aparıcı banklar istisna olmaqla, anti-frod strukturları hələ tam formalaşmayıb. Əksər hallarda bu funksiyalar müxtəlif bölmələr arasında bölünüb və sistemli şəkildə idarə olunmur. Bu isə effektivliyi azaldır. İlk növbədə insan resursu bazası gücləndirilməli və ayrıca anti-frod strukturları yaradılmalıdır. Çünki hər bir təşkilat öz anti-frod siyasətini və proseslərini ayrıca formalaşdırmalıdır. Struktursuz yanaşma isə səmərə vermir”, – deyə o bildirib.
E.Cüvarov həmçinin "data governance" məsələlərinin vacibliyinə toxunub. Onun sözlərinə görə, Mərkəzi Bank bu istiqamətdə banklara beynəlxalq praktikaya uyğun minimum məlumat indikatorlarının tətbiqi ilə bağlı tövsiyələr verməyi planlaşdırır.
O qeyd edib ki, cihazların müştəri ilə əlaqələndirilməsi üçün müxtəlif məlumat növlərinin toplanması vacibdir:
"Bu məqsədlə geniş istifadə olunan indikatorlar arasında MAC ünvanları da yer alır. Lakin cihazların root və ya jailbreak edilməsi kimi hallarda MAC ünvanının dəyişdirilə bilməsi məlumatın etibarlılığını azalda bilər. Buna görə də müxtəlif data kombinasiyalarından istifadə zəruri hesab olunur".
Baş mütəxəssis əlavə edib ki, cihaz dəyişdirilməsi və oxşar risklərin qarşısının alınması üçün biometrik autentifikasiya metodlarına keçidin təşviqi vacibdir. Onun sözlərinə görə, mövcud gücləndirilmiş müştəri autentifikasiya üsulları fırıldaqçılıq hallarının qarşısını tam şəkildə ala bilmir.
“SMS kod və kart məlumatları artıq geniş şəkildə əldə edilə bilir və təcrübə göstərir ki, istifadəçilər bəzən bu məlumatları phishing hücumları nəticəsində könüllü və ya bilməyərəkdən paylaşırlar. Buna görə də biometrik autentifikasiya metodlarının tətbiqi daha etibarlı müdafiə mexanizmi kimi çıxış edə bilər”, – deyə E.Cüvarov vurğulayıb.
