Bakı. Trend:
Səhiyyə naziri Teymur Musayev Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüş keçirib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı tərəflər səhiyyə sisteminin inkişafı, tibbi təhsil, ixtisaslı kadr hazırlığı, rəqəmsal səhiyyə həlləri, eləcə də ictimai səhiyyə sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Teymur Musayev ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, əhalinin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması, səhiyyənin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və səhiyyə infrastrukturunun müasirləşdirilməsi barədə məlumat verib.
Səfir göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Yunanıstanın Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edib. O, iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.
