Bakı.Trend:
Türk dövlətlərinin bank sektorunun potensialı trilyonlarla dollar həcmində qiymətləndirilir.
Trend-in müxbiri xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.
Onun sözlərinə görə, Türk dövlətləri maliyyə-bank sektorunda regionun iqtisadi inteqrasiyasının əsas hərəkətverici qüvvəsinə çevrilə biləcək əhəmiyyətli reallaşdırılmamış potensiala malikdir.
“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məcmu ÜDM-i 2,1 trilyon ABŞ dollarını ötüb ki, bu da dünya iqtisadiyyatının təxminən 3 faizinə bərabərdir. Ötən il orta iqtisadi artım templəri 6 faizdən yuxarı olub, bəzi ölkələrdə isə daha yüksək dinamika qeydə alınıb: Qırğızıstanda 11 faizdən çox, Özbəkistanda 7 faizdən çox, Qazaxıstanda isə 5 faizdən çox.
Regionda bank aktivlərinin məcmu həcmi 1,2 trilyon dollara yaxınlaşsa da, onların qlobal payı cəmi 0,8 faiz təşkil edir. Bu isə regionun iqtisadi çəkisi ilə maliyyə sisteminin inkişaf səviyyəsi arasında əhəmiyyətli fərqi göstərir.
Türk dünyası ölkələrində əmanətlərin həcmi ötən il təxminən 670 milyard dollara (qlobal göstəricinin 2,3 faizi) çatıb. Onun qiymətləndirməsinə görə, əmanətlər və aktivlər arasındakı fərq bir neçə amillə izah olunur: kapitalın bir hissəsinin xaricə çıxarılması, daxili maliyyə bazarlarının kifayət qədər inkişaf etməməsi, eləcə də vəsaitlərin suveren fondlarda, o cümlədən Azərbaycan və Qazaxıstanda - toplanması . Əsas vəzifə region daxilində daha çox kapitalın saxlanılması və onun Türk dünyası ölkələrinin inkişafına yönəldilməsidir”, – deyə o vurğulayıb.
