Bakı. Trend:
Yaxın illərdə “click-to-pay” kimi yeni texnologiyalar və “invisible payment” adlandırılan görünməz ödəniş sistemləri maliyyə sektorunda əsas trendlərdən birinə çevriləcək.
Trend xəbər verir ki, bunu ABB Bankın Ofis rəhbəri Mehmet Ali Savaş Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.
Mehmet Ali Savaş bildirib ki, bu istiqamətdə əsas yeniliklərin Visa tərəfindən təqdim olunacağı gözlənilir.
“Click-to-pay texnologiyaları xüsusilə görünməz ödənişlər sahəsində böyük imkanlar yaradır. Eyni zamanda, e-commerce sektorunda da ciddi dəyişikliklər olacaq”, – deyə o qeyd edib.
ABB rəsmisinin sözlərinə görə, yaxın üç il ərzində onlayn alış-veriş zamanı kart nömrəsinin daxil edilməsi və ya kart məlumatlarının ayrıca paylaşılması kimi proseslər tamamilə aradan qalxa bilər.
“Bu gün artıq fırıldaqçılıq hallarında ciddi azalma müşahidə olunur. Süni intellektin daha geniş tətbiqi və müxtəlif əməliyyatların eyni anda analiz olunması sayəsində istifadəçilər üçün daha sürətli və maneəsiz xidmət formalaşacaq”, – deyə o vurğulayıb.
Mehmet Ali Savaş həmçinin blockchain texnologiyalarının və zəncir əsaslı ödəniş sistemlərinin yaxın beş ildə maliyyə sektorunun əsas inkişaf istiqamətlərindən biri olacağını bildirib.
Onun fikrincə, real aktivlərin tokenizasiyası qlobal maliyyə bazarında sürətlə böyüyən sahələrdən biridir.
“Bu istiqamətdə böyük potensial və böyük həcm mövcuddur. Beynəlxalq hesabatlarda da bu bazarın sürətlə inkişaf etdiyi qeyd olunur. Ümid edirəm ki, Azərbaycan da bu prosesdən geri qalmayacaq”, – deyə ABB nümayəndəsi əlavə edib.
