Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Köhnə Xudat kəndində səyyar qəbul keçirib.
Qəbulda Köhnə Xudat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Köhnə Xudat, Aşağı Ləgər, Seyidlər, Digahoba, İdrisoba və Fərzəlioba kəndlərinin sakinləri iştirak ediblər.
Vətəndaşlar əvvəlki səyyar qəbullarda qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Eyni zamanda kənddaxili yolların təmiri, qaz təchizatının bərpası və elektrik təsərrüfatının yenilənməsi ilə bağlı müraciətlər səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər isə yerindəcə həllini tapıb.
